“CTech” elektron daramalı antena texnologiyasında yeni sistem təqdim edib - VİDEO
Oxunub: 289
20:31
11 İyun 2026
TUSAŞ-ın törəmə şirkəti olan “CTech” yeni nəsil peyk rabitə sistemləri sahəsində fəaliyyətini genişləndirərək “SkyARX E-Ku” adlı elektron daramalı peyk antenasını təqdim edib.
Ordu.az xəbər verir ki, şirkətin baş direktoru Cüneyd Fırat yeni sistemlə bağlı açıqlamasını SAHA 2026 sərgisi çərçivəsində verib.
Fırat bildirib ki, “SkyARX E-Ku” “Ku” diapazonunda fəaliyyət göstərən elektron daramalı peyk antenasıdır və xüsusilə aşağı profilli konstruksiyası ilə seçilir.
Onun sözlərinə görə, ənənəvi mexaniki izləmə sistemlərinə malik peyk antenalarının bir çox platformalara inteqrasiyası mümkün olmadığından, aerodinamik və kompakt həllərə ehtiyac yaranıb. Bu məqsədlə hazırlanan “SkyARX E-Ku” çoxsaylı kiçik antena elementlərindən ibarət elektron daramalı arxitekturaya malikdir.
Sistemdə antena elementlərinin fazalarının dəqiq tənzimlənməsi sayəsində enerji müəyyən istiqamətə yönəldilir. Bunun nəticəsində hərəkətli mexaniki hissələr olmadan peykin izlənməsi və rabitənin təmin edilməsi mümkün olur.
Cüneyd Fırat həmçinin NATO ilə həyata keçirilən layihələrə də toxunub. O bildirib ki, 2024-cü ilin oktyabrında imzalanmış müqavilə çərçivəsində hazırlanan SecureARX radioelektron mübarizəyə davamlı rabitə sistemi artıq inkişaf mərhələsini başa vurub.
Onun sözlərinə görə, zavod qəbul sınaqları ötən ilin noyabrında uğurla tamamlanıb, ilk nümunələr NATO obyektlərində quraşdırılıb və müsbət nəticələr əldə olunub.
“NATO-dan alınan müsbət qiymətləndirmə şirkət üçün mühüm istinad rolunu oynayır və bu, xüsusilə NATO üzvü ölkələr bazarında SecureARX sistemi üçün yeni imkanlar yarada bilər”, - deyə Fırat qeyd edib.
Şirkət yaxın dövrdə elektron daramalı antena ailəsini müxtəlif tezlik diapazonlarını əhatə edəcək şəkildə genişləndirməyi və peyk rabitəsi sahəsində fəaliyyətini sürətləndirməyi planlaşdırır.