“Çukurova Savunma” Körfəz ölkəsinə 155 mm ESD qorumalı altlıq ixrac edib

2026/06/Ekran-1781195601.jpg
Oxunub: 208     20:27     11 İyun 2026    
Bolu şəhərinin Mengen rayonunda fəaliyyət göstərən “Çukurova Savunma ve Enerji Teknolojileri” şirkətinin UNPACK markası müdafiə sənayesində ixrac fəaliyyətlərini genişləndirməyə davam edir.

Ordu.az xəbər verir ki, şirkət son olaraq adı açıqlanmayan Körfəz ölkəsinə 155 mm çaplı sursatlar üçün ESD (elektrostatik boşalmadan qorunma) sisteminə malik xüsusi altlıqların ixracını həyata keçirib.

Məlumata görə, ESD qoruması həssas elektron komponentlərin və statik elektrikdən təsirlənə biləcək partlayıcı maddələrin təhlükəsiz daşınmasında mühüm rol oynayır. Bu ixrac əməliyyatı şirkətin daha əvvəl 155 mm sursatlar üçün hazırladığı xüsusi ESD qorumalı altlıq texnologiyasının beynəlxalq bazarda da tətbiq olunduğunu göstərir.

Şirkətin baş direktoru Səlcuq Öztürk bildirib ki, Körfəz ölkələri bazarında fəaliyyət göstərmək çətin olsa da, bu bazar böyük iqtisadi imkanlar təqdim edir.

Onun sözlərinə görə, şirkətin hərbi standartlara, o cümlədən MIL-STD tələblərinə uyğun istehsal imkanları və NATO təchizatçısı statusu, ADR və IATA kimi beynəlxalq sertifikatları sifarişin əldə olunmasında əsas rol oynayıb.

Öztürk vurğulayıb ki, bu ixrac layihəsi yalnız başlanğıcdır və gələcəkdə ərəb müdafiə sənayesi ilə digər istiqamətlərdə də əməkdaşlıqlar həyata keçiriləcək.

Qeyd edək ki, UNPACK markası təhlükəli yüklərin avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı ilə daşınmasını tənzimləyən ADR, RID, IMDG və IATA DGR standartlarına uyğun qablaşdırma həlləri hazırlayır. Şirkət həmçinin NATO-nun Dəstək və Təchizat Agentliyi tərəfindən təsdiqlənmiş təchizatçı statusuna malikdir.

“Çukurova Savunma” daha əvvəl Livana sursat qutuları ixrac edib, həmçinin hərbi və mülki litium-ion batareyalar üçün yerli istehsal qablaşdırma sistemləri hazırlayaraq sertifikatlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çukurova-Savunma   ESD  


Bizi "telegram"da izləyin