Türkiyənin milli aviadaşıyıcısı 2027-ci ildə suya buraxılacaq

2026/06/1781195230.jpg
Oxunub: 260     20:24     11 İyun 2026    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu ölkənin milli aviadaşıyıcı layihəsinin 2027-ci ilin sentyabr ayının sonunda suya buraxılacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, admiral Ercüment Tatlıoğlu bu barədə Antalya körfəzində TCG “Anadolu” gəmisində keçirilən “Dənizqurdu-II” təliminin Seçilmiş Müşahidəçi Günü tədbirində çıxışı zamanı danışıb.

O bildirib ki, iyunun 4-dən 14-dək Qara dəniz, Mərmərə, Egey və Aralıq dənizində keçirilən təlimə 125 gəmi, 60 hava vasitəsi və 18 min hərbi qulluqçu cəlb olunub.

Admiralın sözlərinə görə, təlim çərçivəsində bir torpedo və səkkiz idarəolunan sursatın buraxılışı həyata keçirilib. Bu zaman Türkiyənin milli silah sistemləri müxtəlif ssenarilər üzrə uğurla sınaqdan keçirilib.

Tatlıoğlu qeyd edib ki, TCG “Sakarya” sualtı qayığı AKYA döyüş torpedosu ilə hədəfi məhv edib. O vurğulayıb ki, bununla Türkiyə Hərbi Dəniz Qüvvələrinin çəkindirmə imkanlarının əsasını təşkil edən sualtı qayıqların əsas silahı olan torpedoların milliləşdirilməsi istiqamətində mühüm nailiyyət əldə olunub.

Komandan həmçinin Şərqi Aralıq dənizində bu günə qədər həyata keçirilən ən uzaqmənzilli ATMACA idarəolunan raket atışının icra edildiyini bildirib. Onun sözlərinə görə, sistem maksimum məsafələrdə sınaqdan keçirilib.

Hava hücumundan müdafiə sahəsində görülən işlərə də toxunan Tatlıoğlu HİSAR dəniz əsaslı raket sisteminin müxtəlif ssenarilərdə sınaqdan keçirildiyini vurğulayıb. “Bu sistem Türkiyənin hava hücumundan müdafiə sahəsində xarici asılılığını azaltmağa xidmət edir”, - deyə o qeyd edib.

Admiral insansız sistemlərin gələcək dəniz müharibələrində həlledici rol oynayacağını da bildirib. Onun sözlərinə görə, Türkiyə dünyada qabaqcıl mövqedə olduğu pilotsuz uçuş aparatları ilə yanaşı, müxtəlif tapşırıqları yerinə yetirəcək insansız dəniz platformalarını və kamikadze insansız dəniz platformalarını da silahlanmaya qəbul edir.

Tatlıoğlu vurğulayıb ki, yaxın illərdə Türkiyə Hərbi Dəniz Qüvvələri hava hücumundan müdafiə esminesləri və milli sualtı qayıqlarla daha da güclənəcək.

“2027-ci ilin sentyabr ayının sonunda suya buraxacağımız aviadaşıyıcı ilə Hərbi Dəniz Qüvvələrimiz “Mavi Vətən”də və onun hüdudlarından kənarda vətəni dənizdən gələ biləcək bütün təhdidlərə qarşı müdafiə etmək, Türkiyə Respublikasının siyasi, hərbi və iqtisadi maraqlarını qorumaq, sülhün dəstəklənməsi, humanitar yardım və təxliyə əməliyyatlarını daha yüksək səviyyədə yerinə yetirmək imkanına malik olacaq”, - deyə komandan bildirib.

Tatlıoğlu əlavə edib ki, regionda baş verən son hadisələr Türkiyə Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi proqramlarının və milli müdafiə layihələrinə yatırılan sərmayələrin strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin