Qəribabadi: “ABŞ-nin son zərbələri atəşkəs rejiminin tam ləğvi deməkdir”

2026/06/1781191718.jpg
Oxunub: 237     19:30     11 İyun 2026    
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi ABŞ-nin İran ərazisinə endirdiyi son zərbələrin atəşkəs rejiminin faktiki olaraq tam şəkildə pozulması anlamına gəldiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Qəribabadi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Vaşinqtonun hərəkətlərini “özünümüdafiə” kimi təqdim edən açıqlamalarını şərh edib. İranlı diplomat qeyd edib ki, bu cür ifadələrin hüquqi əsası yoxdur.

Onun sözlərinə görə, beynəlxalq hüquqda təcavüzkar dövlət istifadə etdiyi terminləri dəyişməklə öz hərəkətlərinin nəticələrindən yayınmaq imkanına malik deyil. Qəribabadi vurğulayıb ki, hərbi təcavüz söz manipulyasiyası ilə qanuni xarakter qazanmır.

İran rəsmisi əlavə edib ki, ölkənin silahlı qüvvələri istənilən təcavüzə qətiyyətlə cavab verməyə hazırdır və dövlət ərazisinin hər qarışını müdafiə edəcək.

O həmçinin xəbərdarlıq edib ki, qeyri-qanuni və təhlükəli addımların bütün nəticələrinə görə məsuliyyət ABŞ-nin və bu fəaliyyətlərdə iştirak edən, onları dəstəkləyən və ya yardım göstərən tərəflərin üzərinə düşəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəribabadi   ABŞ   İran  


Bizi "telegram"da izləyin