Avropa Siyasi Birliyinin sammiti Ermənistan vergiödəyicilərinə təxminən 2 milyard drama başa gəlib?

2026/06/1781180209.jpg
Oxunub: 171     16:15     11 İyun 2026    
“İrəvanda mayın 4-də keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin təşkili və keçirilməsi ilə bağlı xidmətlərin satın alınması məqsədilə Ermənistan Baş nazir Aparatı hələ bu ilin yanvarın 19-da Rudik Ter-Qalstyana məxsus “Factory Production” şirkəti ilə 1 milyard 656 milyon 295 min 200 dram məbləğində müqavilə bağlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə “News.am” nəşri yazıb və satınalmaların rəsmi bülletenində dərc olunmuş müqaviləni araşdırarkən məlumat əldə edib.

Məlumata görə, müqavilədə nəzərdə tutulan xidmətlərə Avropadan gələn yüksək vəzifəli qonaqların yerləşdirilməsi ilə bağlı xərclər daxil edilməyib. Siyahıda yalnız tədbirin təşkilati, texniki və logistika işləri yer alıb.

Bunlara İdman-Konsert Kompleksinin icarəsi, “Zvartnots” hava limanında qonaqların qarşılanması və yola salınması, “Dvin” restoranında rəsmi şam və nahar mərasimlərinin təşkili, reklam lövhələrinin quraşdırılması, çap işləri, xatirə hədiyyələrinin hazırlanması və digər əlaqədar xərclər daxildir.

“News.am” xatırladır ki, 2025-ci il oktyabrın 29-da parlament komitələrinin birgə iclasında Baş nazir Aparatının rəhbəri Arayik Arutyunyan hökumətin Avropa Siyasi Birliyinin 8-ci sammitinin keçirilməsi üçün təxminən 1 milyard dram ayırdığını bildirmişdi. O qeyd etmişdi ki, ehtiyac yaranarsa, əlavə vəsait də ayrılacaq.

“Lakin hökumətdəki mənbələrin iddiasına görə, həm təşkilati, həm də qonaqların yerləşdirilməsi ilə bağlı xərclər nəzərə alındıqda ayrılmış ümumi büdcə əvvəlcədən nəzərdə tutulandan demək olar ki, iki dəfə çox olub.

Bu səbəbdən “News.am” mayın 12-də Baş nazir Aparatına rəsmi sorğu göndərərək tədbirin keçirilməsi üçün hökumətin nə qədər vəsait xərclədiyini və ilkin nəzərdə tutulan 1 milyard dramdan əlavə maliyyə ayrılıb-ayrılmadığını öyrənməyə çalışıb.

Bundan başqa, agentlik Avropadan gələn yüksək vəzifəli qonaqların və onları müşayiət edən nümayəndə heyətlərinin yerləşdirilməsi, hotellər və digər əlaqəli xidmətlər üçün nə qədər vəsait ayrıldığını da soruşub.

Baş nazir Aparatı cavabında yalnız yuxarıda qeyd olunan satınalma müqaviləsinə istinad edib və həmin müqavilə barədə bütün məlumatların satınalmaların rəsmi bülletenində açıq şəkildə yerləşdirildiyini bildirib”, - deyə nəşr bildriib.

Məqalədə qeyd olunur ki, “Factory Production” MMC 2017-ci ildə Rudik Ter-Qalstyan və Vazgen Poqosyan tərəfindən təsis edilib. 2021-ci ildən etibarən şirkətin səhmlərinin 100 faizi Rudik Ter-Qalstyana məxsusdur.

Məlumata görə, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra şirkət hökumətdən milyardlarla dram dəyərində sifarişlər alıb. Bu sifarişlərin əhəmiyyətli hissəsi müsabiqə keçirilmədən, birbaşa satınalma proseduru ilə həyata keçirilib.

“Şirkətin xidmətlərindən Baş nazir Aparatı, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, eləcə də İrəvan şəhər bələdiyyəsi, vilayət administrasiyaları və digər dövlət qurumları istifadə edib. Yalnız 2024-cü ildə şirkət müxtəlif dövlət qurumlarından ümumilikdə 1 milyard dramdan çox dövlət sifarişi əldə edib.

Şirkətin sahibi Rudik Ter-Qalstyan İrəvan meri Tiqran Avinyanın qərarı ilə şəhərin mədəni həyatının inkişafına verdiyi töhfəyə görə “Erebuni-İrəvan 2800 illiyi” xatirə medalı ilə təltif olunub.

Bu ilin aprel ayında hökumətin ehtiyat fondundan Xarici İşlər Nazirliyinə Avropa Siyasi Birliyinin 8-ci sammitinin təşkili çərçivəsində telekommunikasiya vasitələri və digər zəruri avadanlıqların alınması üçün əlavə 40 milyon dram ayrılıb.

Avropalı yüksək vəzifəli qonaqların və nümayəndə heyətlərinin yerləşdirilməsi ilə bağlı xərclərə gəlincə, bu məlumatlar dövlət sirri hesab edildiyi üçün rəsmi şəkildə açıqlanmır”, - deyə müəllif yazıb.

Ermənistan Baş nazir Aparatının “News.am”a göndərdiyi cavabda bildirilir ki, baş nazirin protokol tədbirləri çərçivəsində alınan mallar, işlər və xidmətlər “Satınalmalar haqqında” qanunun 15-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq dövlət sirri təşkil edən satınalmalar planına daxil edilir, bu səbəbdən həmin satınalmalar barədə məlumatlar dərc edilmir.

Məqalədə vurğulanır ki, yüksək vəzifəli şəxslərin protokol xərcləri, yaşayış, qidalanma və nəqliyyat xidmətlərinin dövlət sirri hesab olunması ilə bağlı hüquqi dəyişikliklər hələ 2016-cı ilin dekabrında həyata keçirilib.

“News.am” qeyd edir ki, hazırkı hakimiyyət vaxtilə əvvəlki hakimiyyəti qeyri-şəffaf fəaliyyətə və dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə görə sərt tənqid etsə də, bu gün həmin dövrdə yaradılmış hüquqi mexanizmlərdən istifadə edərək protokol xərclərini ictimaiyyətdən gizli saxlayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Siyasi-Birliyi   Ermənistan  


Bizi "telegram"da izləyin