Pekinin gizli tiltrotor həmləsi: Çin Sakit okeanda ABŞ-ın “Osprey” inhisarını necə qırır?

2026/06/vcbvc-1781177846.jpg
Oxunub: 238     16:12     11 İyun 2026    
Görünür, Çin ABŞ istehsalı olan V-22 “Osprey” tiltrotorunun üzləşdiyi bəzi problemlərdən yayınmağa çalışıb. Çünki həmin platformanın mürəkkəb mexaniki quruluşu yüksək texniki xidmət xərclərinə və etibarlılıq problemlərinə səbəb olub.

Çin sosial şəbəkələrində yayılan yeni görüntülər ölkənin yeni pilotlu tiltrotor prototipinin sınaqlarına ilk aydın baxışı təqdim edib. İlk dəfə 2025-ci il avqustun ayında mühərrikin işə salınması və havada asılı qalma sınaqları zamanı görüntülənən platforma indi tarixdə ilk dəfə tam uçuş zamanı nümayiş etdirilib. Yeni platforma ilə bağlı bir çox sual hələ də cavabsız qalsa da, son görüntülər Çinin tiltrotor layihəsinin artıq inkişaf etmiş uçuş sınaqları mərhələsinə keçdiyini göstərir.

Tiltrotor nədir?

Tiltrotorlar helikopterlərlə sabit qanadlı təyyarələrin xüsusiyyətlərini özündə birləşdirir. Bu tip platformaların ən məşhur nümunəsi hazırda ABŞ ordusunun xidmətində olan V-22 “Osprey”dir. Tiltrotorlar mühəndislik baxımından olduqca maraqlı həllər sayəsində yüksək çeviklik təmin edir. Uçuş və eniş zamanı rotorlar yuxarı istiqamətdə yerləşir və platforma iki rotorlu helikopter kimi fəaliyyət göstərir. Uçuşun marşrut hissəsində isə rotorlar önə doğru çevrilir və aparat təyyarə kimi uçur.

Beləliklə, bu tip platforma hər iki dünyanın üstünlüklərini birləşdirir. O, helikopter kimi uçuş-enmə zolağı olmadan çətin şəraitdə fəaliyyət göstərə bilir, eyni zamanda sabit qanadlı təyyarələrə yaxın sürət və uçuş məsafəsi təmin edir. ABŞ Hind-Sakit okean regionunda mümkün gələcək münaqişələrə hazırlaşmaq məqsədilə tiltrotor layihələrinə böyük resurslar yatırıb. Çünki həmin regionda əməliyyatlar adi helikopterlər üçün əlverişli olmayan çox böyük məsafələrdə aparılacaq. Buna görə də Çinin oxşar hazırlıqlar görməsi təəccüblü deyil.

Bununla belə, tiltrotorların müəyyən çatışmazlıqları da var. Onlar həm helikopterlərdən, həm də adi təyyarələrdən daha mürəkkəb mexaniki quruluşa malikdir. Xüsusilə V-22 “Osprey” xidmətə qəbul olunduğu vaxtdan etibarən çoxsaylı təhlükəsizlik problemləri ilə gündəmə gəlib.

Lakin bu problemlər zaman keçdikcə aradan qaldırılır. Tiltrotor prototipi olan MV-75 “Cheyenne II” daha sadə konstruksiyaya malikdir və “Osprey”lə müqayisədə daha etibarlı olacağı gözlənilir.

Çinin tiltrotoru haqqında nə məlumdur?

Çinin tiltrotor proqramı ilə bağlı yeni görüntülərdə platforma ilk dəfə irəli hərəkətli uçuş sınaqları zamanı havada görünür. Aydınlaşan detallardan biri də rotor qovşağı quruluşudur. Bununla belə, platformanın dəqiq texniki xüsusiyyətləri, performans göstəriciləri, istehsal həcmi və gələcək operatorları barədə məlumatlar hələ də məlum deyil.

Diqqət çəkən məqamlardan biri odur ki, yayılan görüntülərdə Çin Xalq Azadlıq Ordusunun heç bir nişanı və ya qeydiyyat nömrəsi görünmür. Bundan əlavə, fotolar Çin hökumətinin hər hansı rəsmi açıqlaması olmadan yayılıb. Gözlənildiyi kimi, proqram yüksək məxfilik şəraitində həyata keçirilir. Çinin tiltrotoru V-22 “Osprey”dən nəzərəçarpacaq dərəcədə fərqlənir. “Osprey”də olduğu kimi bütün mühərrik bölməsi dönmür, yalnız pərli rotor sistemi hərəkət edir.

ABŞ-nin MV-75 “Cheyenne II” layihəsində də araşdırdığı bu həll bir sıra üstünlüklər təqdim edir. Bunlara daha aşağı mexaniki mürəkkəblik, daha asan texniki xidmət, aşağı istismar xərcləri və daha yüksək etibarlılıq daxildir. Çin mühəndislərinin Qərbin tiltrotorlarla bağlı onilliklər ərzində topladığı təcrübəni diqqətlə öyrəndiyi və “Osprey”in problemlərindən yayınan daha sadə həll yaratmağa çalışdığı ehtimal olunur.

Yeni platforma nisbətən kiçik görünür və ehtimal ki, 6-12 sərnişin daşımaq imkanına malikdir.

Onun hərbi tapşırıqları xüsusi təyinatlı qüvvələrin daşınması, rabitə və əlaqələndirmə missiyaları, logistika və adaların təchizatı ola bilər. Lakin tiltrotorun mülki tətbiq imkanları da böyükdür. Belə platformalar hava taksisi xidmətlərində, fövqəladə hallara reaksiya əməliyyatlarında, dənizdə enerji layihələrinin dəstəklənməsində və Çinin dağlıq relyefə malik bölgələrində nəqliyyat vasitəsi kimi istifadə oluna bilər.

Əlbəttə, Çin gələcəkdə bu tiltrotoru ixrac etməyi və beynəlxalq bazarda Qərb alternativləri ilə rəqabət aparmağı da hədəfləyir. Strateji baxımdan bu layihə Çinin uzun illər Qərbin üstünlük təşkil etdiyi sahələrdə yeni imkanlar əldə etməyə çalışdığını göstərən növbəti nümunədir. Aviadaşıyıcılardan tutmuş stels texnologiyalara malik qırıcı təyyarələrə və qabaqcıl helikopterlərə qədər müxtəlif hərbi sahələrdə Çin Qərbin səviyyəsinə çatmağa çalışır. Yeni tiltrotor da həmin tendensiyanın tərkib hissəsidir və Çinin aerokosmik texnologiyaların bütün spektrinə yiyələnmək əzmində olduğunu göstərir.

Hətta proqram tam şəkildə xidmətə qəbul edilməsə belə, tiltrotorun sınaqdan keçirilməsi Çinin mühəndislik potensialını, sənaye imkanlarını və texnoloji ambisiyalarını nümayiş etdirir. Bu layihənin əsas əhəmiyyəti bəlkə də onun dərhal hərbi tətbiqində deyil, Çinin Qərbin aerokosmik texnologiyaları ilə arasındakı qalan fərqləri aradan qaldırmaq istiqamətində davamlı səylərinin göstəricisi olmasındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pekin   Çin   ABŞ   Osprey  


Bizi "telegram"da izləyin