Berlin: Avropa Putinlə danışıqlarda təşəbbüsü ABŞ-dən almağa hazırdır

2026/06/1780932526.jpg
Oxunub: 239     19:27     08 İyun 2026    
“Avropa liderləri Ukraynada genişmiqyaslı müharibənin dayandırılması ilə bağlı danışıqlarda aparıcı rol oynamağa hazırdırlar”.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mertsin rəsmi nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, proses Avropada yeni təkan qazanır.

“Məncə, yeni məqam ondan ibarətdir ki, bu proses indi Avropada yeni impuls əldə edir. Digər mühüm dəyişiklik isə odur ki, biz təşəbbüsü öz əlimizə alır və indiyədək əsasən ABŞ tərəfindən idarə olunan danışıqlar prosesini davam etdiririk. Bunu Vaşinqtonla sıx koordinasiya şəraitində həyata keçiririk”, - deyə Mertsin mətbuat katibi Stefan Kornelius bildirib.

Məlumata görə, Fridrix Merts, Fransa və Böyük Britaniyanın liderləri, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən yayımlanan birgə bəyanatda Ukrayna ilə Rusiya arasında ABŞ və Avropanın fəal iştirakı ilə birbaşa dialoqun başlanmasına çağırış edilib.

Bəyanatda sülhə nail olmaq üçün beş şərt irəli sürülüb. Bunların arasında dərhal və tam atəşkəsin elan olunması da yer alıb.

Sənəddə vurğulanıb ki, danışıqlar üçün başlanğıc nöqtə Rusiya və Ukrayna qüvvələri arasındakı mövcud təmas xətti olmalıdır. Həmçinin Ukraynaya etibarlı və hüquqi baxımdan məcburi təhlükəsizlik zəmanətlərinin verilməsi tələb olunub.

Bundan əlavə, Kremlin hərbi əməliyyatları dayandırmayacağı və Ukraynaya vurduğu zərəri kompensasiya etməyəcəyi müddətdə Rusiya aktivlərinin dondurulmuş vəziyyətdə saxlanılmasının vacibliyi qeyd olunub.

Kornelius bildirib ki, Avropa liderləri mümkün sülh danışıqları ilə bağlı mövqelərini Evyanda keçiriləcək “Böyük Yeddilik” (G7) toplantısında və gələn həftə Brüsseldə baş tutacaq Avropa Şurasının sammitində müzakirə etməyə davam edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Berlin   Avropa   Putin  


Bizi "telegram"da izləyin