Müşahidə missiyası: Ermənistanda saat 20:00-dan sonra təxminən 480 hərbi qulluqçuya səs verməyə icazə verilib

2026/06/1780943429.jpg
Oxunub: 193     22:29     08 İyun 2026    
Ermənistanın Zəngəzur bölgəsində yerləşən seçki məntəqələrindən birində səsvermə prosedurunun pozulduğu iddia edilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Akanates” müşahidə missiyası məlumat yayıb.

Missiyanın müşahidəçisi Zəngəzur vilayətinin Mehri icmasına daxil olan Aqarak şəhərində yerləşən 35/65 saylı seçki məntəqəsində pozuntu qeydə alıb.

Məlumata görə, saat 20:00-da qanunun tələbinə uyğun olaraq seçki məntəqəsinin qapıları bağlanıb. Lakin həmin vaxt binanın dəhlizində təxminən 480 hərbi qulluqçu toplaşıbmış.

Bildirilib ki, hərbi rəhbərlik hərbçilərin növbədən gecikdiyini və onların mütləq seçkilərdə iştirak etməli olduqlarını əsas gətirib.

Müşahidə missiyası qeyd edib ki, qanunvericiliyə əsasən saat 20:00-dan sonra yalnız həmin anda səsvermə otağında olan seçicilər səs verə bilərlər.

“Sözügedən seçki məntəqəsində səsvermə otağı dəhlizdən qapılar vasitəsilə tam ayrılıb və saat 20:00-a olan vəziyyətə görə hərbçilərin böyük əksəriyyəti səsvermə otağında olmayıb”, - deyə məlumatda vurğulanıb.

Buna baxmayaraq, məntəqə seçki komissiyasının dəhlizdə gözləyən bütün hərbi qulluqçulara məntəqənin bağlanmasından sonra səs verməyə icazə verdiyi bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin