Almaniya A400M parkını 73 təyyarəyədək artırmağı planlaşdırır

2026/06/1780942711.jpg
Oxunub: 213     22:20     08 İyun 2026    
Almaniya Avropanın ən böyük hərbi nəqliyyat təyyarələri parkını daha da genişləndirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, Almaniya mətbuatının yaydığı məlumata əsasən, Berlin rəhbərliyi “Airbus” şirkəti ilə əlavə A400M “Atlas” hərbi nəqliyyat təyyarələrinin alınması üzrə danışıqlar aparır.

Bildirilir ki, müzakirələr 10-20 ədəd A400M təyyarəsini əhatə edir. Sifariş reallaşarsa, Almaniya Hərbi Hava Qüvvələrinin ümumi A400M parkı 63-73 təyyarəyə çata bilər.

“Hartpunkt” nəşrinin məlumatına görə, müzakirə olunan təyyarələr A400M-in ən qabaqcıl taktiki konfiqurasiyasına malik olacaq.

Məlumata əsasən, bu platformaların pilotsuz uçuş aparatı və ya qanadlı raketlərin daşınması üçün uyğunlaşdırılması da nəzərdən keçirilir. Bu halda A400M yalnız strateji və taktiki hava nəqliyyatı deyil, həm də uzaqmənzilli zərbə əməliyyatlarında istifadə oluna biləcək.

Hazırda Almaniya dünyanın ən böyük A400M operatorudur. “Luftwaffe”nin inventarında 53 ədəd A400M “Atlas” mövcuddur.

Bununla yanaşı, Almaniya Hərbi Hava Qüvvələrində yeni təyyarələrin təhvilindən sonra ilk istehsal partiyasına aid bəzi A400M-lərin istismardan çıxarılması variantının da müzakirə olunduğu bildirilir.

Lakin müharibə dövründə böyük nəqliyyat parkının təmin etdiyi üstünlüklər səbəbindən bu fikrə qarşı çıxanların da olduğu qeyd edilir.

Ekspertlərin fikrincə, mümkün sifariş yalnız hərbi deyil, sənaye baxımından da böyük əhəmiyyət daşıyır.

Hazırkı sifarişlərlə “Airbus”ın A400M istehsal xəttinin 2029-cu ilədək dolu olduğu bildirilir. Təxminən 16 təyyarəlik yeni Almaniya sifarişi istehsal fəaliyyətinin daha iki il uzadılmasına imkan verə bilər.

Məlumata görə, Fransa ümumilikdə 50 təyyariş sifariş etsə də, indiyədək yalnız 25 A400M təhvil alıb. İspaniya isə hazırda 14 təyyarəyə malikdir və planlaşdırılan 27 təyyarəlik parkı tamamlamaq üçün yeni addımlar atmır.

Bu səbəbdən yeni sifarişin reallaşacağı halda Almaniya Avropanın strateji hava nəqliyyatı sahəsində lider mövqeyini daha da gücləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   A400M  


Bizi "telegram"da izləyin