FCAS proqramı dayandırılır: Avropanın 6-cı nəsil qırıcı layihəsi iflasa uğrayıb

2026/06/1780942672.jpg
Oxunub: 230     22:16     08 İyun 2026    
Almaniya və Fransanın birgə həyata keçirdiyi “Gələcəyin Hava Döyüş Sistemi” (FCAS) proqramının dayandırılacağı iddia edilir.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.

Məlumata görə, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron milyardlarla avro dəyərində olan layihənin dayandırılması ilə bağlı razılığa gəliblər.

Almaniya hökumətindəki mənbələrə istinadən bildirilir ki, qərarın əsas səbəbi layihənin baş podratçıları olan “Dassault Aviation” və “Airbus” arasında uzun müddətdir davam edən fikir ayrılıqlarıdır.

FCAS çərçivəsində Almaniyanın “Eurofighter” qırıcılarını və Fransanın “Rafale” parkını əvəz edəcək 6-cı nəsil döyüş təyyarəsinin hazırlanması planlaşdırılırdı. Layihə həmçinin Avropa müdafiə sənayesində birgə istehsal potensialının artırılması və ABŞ-dən asılılığın azaldılması baxımından strateji əhəmiyyət daşıyırdı.

Lakin “Dassault Aviation” və “Airbus” arasında iş bölgüsü və yeni texnologiyalar üzrə əqli mülkiyyət hüquqları ilə bağlı fikir ayrılıqları aradan qaldırıla bilməyib. Problemin həlli üçün təyin edilən vasitəçilərin də nəticə əldə etmədiyi qeyd olunub.

Bildirilib ki, FCAS yalnız yeni nəsil qırıcıdan ibarət deyil. Proqram çərçivəsində döyüş təyyarələri, pilotsuz uçuş aparatları, sensorlar və müxtəlif platformaları vahid şəbəkə üzərindən birləşdirən “Combat Cloud” konsepsiyası da hazırlanırdı.

Məlumata görə, birgə qırıcı layihəsi dayandırılsa da, “Combat Cloud” üzrə işlərin davam etdirilməsi planlaşdırılır.

Qeyd olunur ki, texniki və sənaye xarakterli problemlərlə yanaşı, Almaniya və Fransanın gələcəyin döyüş təyyarəsi ilə bağlı tələblərinin fərqli olması da fikir ayrılıqlarını dərinləşdirib.

Fridrix Merts daha əvvəl bildirib ki, Fransa aviadaşıyıcılarda xidmət göstərə bilən və nüvə silahı daşımaq qabiliyyətinə malik döyüş təyyarəsi istəyir. Almaniya Hərbi Hava Qüvvələrinin isə belə bir ehtiyacı yoxdur.

Məlumata görə, Berlin iki fərqli təyyarənin hazırlanması variantını təklif etsə də, Paris bu təklifi qəbul etməyib.

Ekspertlər hesab edirlər ki, FCAS proqramının dayandırılması Avropa müdafiə sənayesinin son illərdəki ən böyük birgə layihələrindən birinin uğursuzluğa düçar olması deməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FCAS   Almaniya   Fransa  


Bizi "telegram"da izləyin