“168.am”: Ermənistan Silahlı Qüvvələrinin gerbinin dəyişdirilməsi barədə qərar nə vaxt verildi?

2026/06/1780899613.jpg
Oxunub: 285     17:19     08 İyun 2026    
Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin yeni emblemi üzərində işlərin 2024-cü ilin yanvarında başladığını açıqlasa da, nəşr bu istiqamətdə təşəbbüslərin daha əvvəl də mövcud olduğunu xatırladıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Suren Papikyanın hakimiyyəti dövründə Ermənistan Silahlı Qüvvələrinin gerbinin dəyişdirilməsi barədə qərar nə vaxt verildi? Bundan əvvəl belə bir fikir var idimi və hansı təklif irəli sürülmüşdü?” başlıqlı məqaləsində yazıb.

Nəşr xatırladıb ki, mayın 28-də Respublika meydanında keçirilən hərbi parad-hesabat tədbirinə hazırlıq zamanı hakimiyyətin Silahlı Qüvvələrin emblemini dəyişdirmək qərarına gəldiyi məlum olub. Belə ki, meydanda quraşdırılmış plakatlarda təsvir edilən emblem rəsmi versiyadan ciddi şəkildə fərqlənib.

Məqalədə qeyd olunub ki, yalnız bir neçə gün sonra, mayın 27-də Ermənistan Müdafiə Nazirliyi ordunun yeni emblemini təqdim edib.


“Yeni emblemdə Ermənistanın üçrəngli bayrağı, onun üzərində Nikol Paşinyanın irəli sürdüyü “real Ermənistan” xəritəsi, həmçinin bir əlində qılınc, digər əlində isə xaç tutan qartal təsviri yer alıb. Bununla da əvvəlki emblemlə müqayisədə xaçın yeri dəyişdirilib.

2001-ci il yanvarın 23-də Ermənistan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Robert Köçəryan tərəfindən təsdiqlənmiş və indiyədək istifadə olunan emblemdə Ermənistan bayrağı təsvir olunurdu və orada “real Ermənistan” xəritəsi yer almırdı. Maraqlıdır ki, Müdafiə Nazirliyinin rəsmi internet səhifəsindəki “Dövlət rəmzləri” bölməsində hələ də köhnə emblem saxlanılır”, - deyə nəşr vurğulayıb.

“168.am” yazır ki, yeni emblemin təqdimatından əvvəl məsələ ilə bağlı müdafiə naziri Suren Papikyana rəsmi sorğu göndərilib. Sorğuda emblemin dəyişdirilməsi ideyasının nə vaxt yarandığı, eskizin kim tərəfindən hazırlandığı və layihənin müəllifinin kim olduğu barədə məlumat istənilib.


Nəşrin bildirdiyinə görə, ErmənistanMüdafiə Nazirliyi yalnız iyunun 5-də göndərdiyi cavab məktubunda belə açıqlama verib:

“Ermənistan Silahlı Qüvvələrinin transformasiyası çərçivəsində yeni emblemin hazırlanması üzrə işlər 2024-cü ilin yanvarında başlayıb. Bu işlər sahənin aparıcı mütəxəssisləri və hərbçilər tərəfindən həyata keçirilib. Proses çərçivəsində yalnız Silahlı Qüvvələrin emblemi deyil, həmçinin serjant sistemi, zabit paqonları və döyüş qoşun növlərinin fərqləndirici nişanları da hazırlanaraq tətbiq olunub”.


Məqalədə qeyd olunur ki, ordunun transformasiyası konsepsiyası ictimaiyyətə 2024-cü ilin noyabrında təqdim edilmişdi. Nəşr həmçinin Nikol Paşinyanın 2024-cü il yanvarın 28-də Ermənistan ordusunun yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirdiyi fikirləri xatırladıb.

“Orduda düşüncə tərzi dəyişməlidir. Bu dəyişiklik formadan başlayaraq hərbçilərin xarici görünüşünə, daimi dislokasiya məntəqələrindəki mühitə, silahlanmaya, texnikaya, maaş sisteminə, sosial təminata, peşəkar hazırlıq tələblərinə və ideoloji hazırlıq səviyyəsinə qədər hər bir detalda öz əksini tapmalıdır”, - deyə Paşinyan həmin vaxt bildirmişdi.

“168.am” vurğulayır ki, məhz bu dövrdən etibarən “döyüş qabiliyyətli ordu” ifadəsinin yerini tədricən “müdafiə qabiliyyətli ordu” anlayışı tutmağa başlayıb.

Nəşr daha sonra xatırladıb ki, emblemin dəyişdirilməsi ilə bağlı müzakirələr əslində daha əvvəl də aparılıb. Belə ki, 2020-ci ilin yanvarında Ermənistan Müdafiə Nazirliyinin yeni fərqləndirici nişanı ictimaiyyətə təqdim olunmuş və bir çoxları tərəfindən Silahlı Qüvvələrin yeni emblemi kimi qəbul edilmişdi.

“Yeni layihə ilə bağlı müxtəlif tənqidi rəylər səsləndirilirdi. Bildirilirdi ki, emblemdə güc hiss olunmur, şirin qanadları heyvanın təsviri ilə uyğun gəlmir, qılınclar erməni mənşəli deyil, istifadə olunan xaç elementləri isə erməni ənənəsinə uyğun gəlmir. Hətta bəzi şərhçilər onun Skandinaviya mifologiyasındakı Tor və Odinin simvollarını xatırlatdığını bildirirdilər”, - deyə nəşr qeyd edib.

“168.am” yazır ki, həmin dövrdə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bunun Silahlı Qüvvələrin emblemi olmadığını açıqlamışdı.

“Bu, Ermənistan Silahlı Qüvvələrinin emblemi deyil, Müdafiə Nazirliyinin fərqləndirici nişan variantıdır. Bu layihədir, rəsmi deyil və yekun variant hesab olunmur. İctimai dəstək qazanacağı təqdirdə gələcəkdə rəsmi status ala bilər”, - deyə Hovhannisyan bildirmişdi.

Nəşr vurğulayıb ki, məhz buna görə də Suren Papikyana göndərilən sorğuda həmin layihənin sonrakı taleyi, onun təsdiqlənib-təsdiqlənmədiyi və ləğv edilib-edilmədiyi barədə suallar da yer alıb. Lakin Ermənistan Müdafiə Nazirliyi cavabında yalnız bunun heç vaxt Silahlı Qüvvələrin emblemi olmadığını bildirməklə kifayətlənib.

Məqalədə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın açıqlamasına da yer verilib.


“Əgər yanılmıramsa, hələ 2016-cı ildə Müdafiə Nazirliyi açıq və şəffaf formada idarələrarası komissiya yaratmışdı. Həmin komissiyaya rəssamlar və heraldika üzrə mütəxəssislər cəlb edilmişdi, çünki mövcud emblemdə heraldik problemlər vardı. Mən həmin komissiyaya rəhbərlik etmişəm. Nəticə əldə olunmuşdu və yeni emblem hazırlanmışdı. Sonradan o, emblem kimi deyil, başqa statusda qiymətləndirildi. Düşünürəm ki, həmin qanadlı şir təsviri bu gün də Müdafiə Nazirliyində istifadə olunur”, - deyə Tonoyan bildirib.

Keçmiş erməni nazir əlavə edib ki, hazırkı yeni emblem barədə şəxsi qiymətləndirmə vermək istəmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan   Ordu  


Bizi "telegram"da izləyin