Merkel etiraf edib ki, onun hakimiyyəti dövründə müdafiə xərcləri kifayət qədər artmayıb

2026/06/1780817155.jpg
Oxunub: 256     11:19     07 İyun 2026    
Almaniyanın keçmiş kansleri Angela Merkel hakimiyyətdə olduğu illərdə ölkənin müdafiə xərclərinin kifayət qədər sürətlə artırılmadığını etiraf edib.

Ordu.az xəbər verir ki, bu barədə o. “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.

Merkel həmçinin məcburi hərbi xidmət ideyasını dəstəklədiyini və Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqlarda Avropa nümayəndələrinin iştirakının tərəfdarı olduğunu bildirib.

“Mən düzgün hesab etmirəm ki, Rusiya ilə əlaqələrin saxlanılması məsələsini yalnız ABŞ öz üzərinə götürsün. Axı bu məsələ Avropanın maraqlarına da birbaşa aiddir”, - deyə Almaniya hökumətinin keçmiş rəhbəri vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, danışıqlarda mümkün iştirakla bağlı qərarlar hazırkı siyasətçilər tərəfindən verilməlidir və özü bu prosesə müdaxilə etmək niyyətində deyil.

Merkel bildirib ki, Avropanın gücü və suverenliyi eyni medalın iki tərəfidir: müdafiə qabiliyyəti və diplomatiya. “Diplomatiya da son dərəcə mühüm rol oynamalıdır”, - deyə o əlavə edib.

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi fonunda Avropadan uzaqlaşmasının mümkün nəticələri ilə bağlı suala cavab verən Merkel qeyd edib ki, artıq əvvəlki kimi ümumi dəyərlər bazasına söykənmək mümkün deyil.

“Bu, bizim adət etdiyimiz “Qərb” adlandırılan birliyi əhəmiyyətli dərəcədə zəiflədir. Çin isə, şübhəsiz ki, bunu maraqla izləyir”, - deyə o bildirib.

Merkel əlavə edib ki, Trampın xarici siyasəti Avropa liderlərini, hətta bu maraqlar ABŞ-nin maraqlarından fərqlənsə belə, öz maraqlarını daha aydın şəkildə ifadə etməyə məcbur edir.

Keçmiş kansler onun dövründə müdafiə xərclərinin kifayət qədər artırılmamasına görə Almaniyaya yönələn tənqidlərə münasibət bildirərkən bunu qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması zərurəti ilə izah edib.

Bununla belə, o etiraf edib ki, “geriyə baxdıqda qəbul etmək lazımdır ki, bu dəyişikliklərin tempi yetərli olmayıb”. Merkel həmçinin etiraf edib ki, onun miqrasiya siyasəti sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyasının populyarlığının artmasına töhfə verib.

“AfD” avrozona böhranı dövründə mənim həyata keçirdiyim siyasət fonunda meydana çıxdı. Şübhəsiz ki, mənim qərarım “AfD”nin reytinqlərinin yenidən yüksəlməsinə səbəb oldu”, - deyə o bildirib.

Keçmiş kansler hazırkı hökumətin sərhəd nəzarəti təcrübəsini dəstəkləmədiyini vurğulayıb. Bununla yanaşı, o, Avropa İttifaqı səviyyəsində miqrasiya siyasətinin koordinasiyasının gücləndirilməsini müsbət qiymətləndirib və qeyd edib ki, məhz belə irəliləyişləri öz səlahiyyət müddətində də görmək istərdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merkel   Almaniya  


Bizi "telegram"da izləyin