Kim Çen Inın bacısı ABŞ-nin KXDR-in nüvəsizləşdirilməsi tələblərini “köhnəlmiş xəyal” adlandırıb

2026/06/1780816630.jpg
Oxunub: 316     13:03     07 İyun 2026    
KXDR lideri Kim Çen Inın bacısı və ölkə rəhbərliyində yüksək vəzifə tutan Kim Yo Con ABŞ-nin Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı tələblərini “köhnəlmiş xəyal” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

O bildirib ki, Pxenyan Vaşinqton və onun müttəfiqlərindən gələn təhdidlərə cavab olaraq nüvə arsenalını ardıcıl şəkildə genişləndirməyə davam edəcək.

Kim Yo Con açıqlamasında vurğulayıb ki, ABŞ-nin KXDR-in nüvə dövləti statusunu şübhə altına almaq cəhdləri “heç bir hüquqi qüvvəyə malik deyil” və Şimali Koreya tərəfindən tanınmayacaq.

O, həmçinin ABŞ və Çin liderlərinin Pxenyanın nüvəsizləşdirilməsi ilə bağlı ortaq məqsəd üzərində razılığa gəldikləri barədə məlumatları təkzib edərək bunları “saxta informasiya” adlandırıb.

Kim Yo Con bəyan edib ki, bəzi amerikalı rəsmilər hələ də “illüziyalar və köhnəlmiş təsəvvürlər” içərisində yaşayırlar və artıq effektiv olmayan təzyiq siyasətini yenidən tətbiq etməyə çalışırlar.

Bu açıqlamalar Pxenyanın hərbi fəallığını artırdığı bir dövrdə səsləndirilib. Daha əvvəl Kim Çen In nüvə qüvvələrinin “eksponensial sürətlə” artırılacağını və beşillik proqram çərçivəsində raket istehsalının genişləndiriləcəyini bəyan etmişdi.

Şimali Koreya dövlət mediasının məlumatına görə, Kim Çen In silah zavodlarından birinə baş çəkərək raket silahlarının istehsal gücünün 2,5 dəfə artırılması barədə göstəriş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin