Paşinyan: “Torpaqları 1996-cı ildə veriblər”

2026/05/1779972562.jpg
Oxunub: 371     12:17     29 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətində “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı təşviqat kampaniyası çərçivəsində çıxışı zamanı ordunun yenidən qurulması, Qarabağ münaqişəsi, Mehri məsələsi və müxalifət barədə sərt açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Paşinyan çıxışında mayın 28-də keçirilən parad zamanı nümayiş etdirilən bütün silah və texnikaların Ermənistan üçün istehsal edildiyini bildirib.

“Dünən paradda göstərdiyimiz hər şey zavod istehsalıdır. Orada başqa ölkələrdən ikinci əl alınmış və Ermənistan üçün nəzərdə tutulmamış bir dənə də olsun silah sistemi yox idi. Biz ən azı yeddi ölkənin istehsalı olan silah və sursatları nümayiş etdirdik. Mən sizi yeni orduya sahib olmağınız münasibətilə təbrik edirəm”, - deyə Ermənistan Baş naziri vurğulayıb.

Paşinyan bildirib ki, nümayiş etdirilənlər görülən işlərin yalnız görünən hissəsidir.

“Biz möhkəmləndirilmiş müdafiə rayonlarını göstərə bilmədik. Onlarla belə müdafiə rayonu inşa etmişik və bu prosesi davam etdiririk ki, Ermənistan ən yüksək müdafiə qabiliyyətinə malik olsun”, - deyə o qeyd edib.

Paşinyan hakimiyyəti dövründə ordunun dağıdılması ilə bağlı ittihamlara da cavab verib.

“Mənə deyirdilər ki, ordunu dağıtmışıq və ya dağıdırıq. Onlar bunu ona görə deyirdilər ki, özlərindən qalan ordunun hansı vəziyyətdə olduğunu bilirdilər və bu məsuliyyəti bizim üzərimizə atmaq istəyirdilər. Bizə müharibə törətdiyimizi deyirdilər, çünki özləri müharibə miras qoymuşdular”, - deyə Paşinyan bildirib.

O vurğulayıb ki, 2016-cı ilin Aprel döyüşləri heç bir sənədlə yekunlaşmayıb və 2020-ci il müharibəsi əslində həmin müharibənin davamı olub.

“Bu, həqiqətdir. Mən 2018-ci il mayın 8-də Baş nazir olmuşam. Sənədləri açıb baxmağa belə imkan tapmamışdım ki, artıq deyirdilər torpaqları verir, verəcək, verib. Niyə belə deyirdilər? Çünki bilirdilər ki, torpaqları özləri çoxdan veriblər və bu iş 1996-cı ildə başa çatıb. Sadəcə hakimiyyəti saxlamaq üçün bunu bizə deməyiblər”, - deyə Ermənistanın Baş naziri qeyd edib.

Paşinyan Mehri məsələsinə də toxunaraq bildirib ki, onun komandası həmin ərazinin verilməsinin qarşısını alıb.

“Robert Köçəryan öz cinayətkar qrupu ilə birlikdə Mehrini təhvil verməyi planlaşdırırdı. Bu prosesi ilk olaraq Vazgen Sarkisyan və Karen Dəmirçyan öz həyatları bahasına gecikdirdilər. Oktyabrın 27-də baş verən hadisələr də Mehrinin təhvil verilməsi kontekstində həyata keçirilmişdi”, - deyə Ermənsitanın Baş naziri iddia edib.

O qeyd edib ki, sonrakı dövrlərdə də dəhliz mövzusu ətrafında təzyiqlərlə üzləşiblər.

“Deyirdilər ki, dəhliz verəcək. Hətta bizə deyirdilər ki, söz vermisiniz, verin ki, müharibə olmasın. Amma həmin tarix bizim Ermənistanın suverenliyi, ərazi bütövlüyü və hüquq yurisdiksiyası çərçivəsində həyata keçirilən TRIPP (Zəngəzur dəhlizi0red.) layihəsi üzrə sazişi imzalamağımızla başa çatdı. Buna görə də nə dəhliz mövzusu var, nə də olub”, - deyə Paşinyan vurğulayıb.

O bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Mehridən keçəcək dəhliz məsələsi yer alırdı.

“Lakin mən onu imzalamaqdan imtina etdim və dedim ki, nə olursa olsun, bu mümkün deyil. Bundan sonra həm müxalifət, həm də bəzi xarici qüvvələr iddia edirdilər ki, Paşinyan dəhliz vəd edib və onu verəcək. Nəticədə iki gün əvvəl imzaladığımız sənəd bütün bu iddiaları darmadağın etdi”, - deyə Paşinyan qeyd edib.

Paşinyan müxalifətin yeni ittihamlarına da toxunub.

“İndi də deyirlər ki, 300 min azərbaycanlını Ermənistana gətirəcəyik. Milyonlarla pul xərcləyirlər ki, Ermənistanın ordu qurmadığını sübut etsinlər. Biz uşaq bağçaları tikirik, təqaüdçülər üçün tibbi sığorta sistemi yaradırıq, amma onlar bunları görmürlər. Onlar yalnız azərbaycanlıları görürlər, çünki sizi düşmən hesab edirlər”, - deyə Ermənistanın Baş naziri bildirib.

O, çıxışının sonunda müxalifəti sərt şəkildə tənqid edib. “Siz onlar üçün düşmənsiniz. Çünki 2018-ci ildə inqilab etdiniz və onların yem mənbələrini əllərindən aldınız. Artıq əvvəlki kimi talaya bilmirlər. Mən onların talançı əllərini qırmışam”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin