Ordu.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə İran Milli Təhlükəsizlik Ali Şurası katibinin müavini Əli Baqeri Kani bildirib.
O, İranın Fars körfəzi ölkələri ilə hücum etməmək haqqında sazişin imzalanmasını müzakirə edib-etməməsi ilə bağlı suala cavab verərkən qeyd edib ki, Tehran region ölkələri ilə əməkdaşlıq üçün heç bir maneə görmür.
“Problemlər ABŞ-nin İrana qarşı təcavüzü səbəbindən başlayıb”, - deyə rəsmi vurğulayıb.
Onun sözlərinə görə, İsrailin regiondakı mövcudluğu da problem yaradır.
“ABŞ və İsrail regionu, Fars körfəzini tərk etməlidirlər ki, region dövlətləri ilə əməkdaşlıq üçün real zəmin yaransın”, - deyə Baqeri Kani bildirib.
O qeyd edib ki, bu addım Fars körfəzi regionunun inkişafına və çiçəklənməsinə imkan verəcək, həmçinin sabitlik və sülh gətirəcək.
Baqeri Kani əlavə edib ki, ABŞ ilə müzakirə olunan memorandumun əsas məsələsi müharibənin dayandırılmasıdır. Onun sözlərinə görə, münaqişə həll olunduqdan sonra Tehran digər məsələləri də müzakirə etməyə hazır olacaq.
Sevinc Əliyeva
Ordu.az