Erməni siyasi xadim: “Artıq insanlar “kimə səs verəcəksən?” məsələsinə görə bir-birini bıçaqlayır, öldürür”

2026/05/1779865620.jpg
Oxunub: 315     10:58     27 May 2026    
“Ermənistanda seçki kampaniyası zamanı nifrət ritorikası təhlükəli nəticələrə səbəb ola bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr Qrupu”nun üzvü və “Çiçəklənən Ermənistan” Partiyasının siyahısında yer alan Vahe Hovhannisyan sosial şəbəkə hesabında yazıb.

O, hakimiyyətin istifadə etdiyi “nifrət pikapı”nı Ruandada soyqırımı dövründə fəaliyyət göstərən məşhur “Min Təpənin Azad Radiosu” ilə müqayisə edib.

“Xatırladaq ki, Ruandada nifrət təbliğatı bəşəriyyət tarixinin ən dəhşətli faciələrindən birinə gətirib çıxarmışdı”, - deyə o qeyd edib.

Hovhannisyan bildirib ki, yayılan nifrət, düşmənçilik, böhtan və ittihamlar çox ağır nəticələr doğuracaq.

“Ölkəmizin ətrafında bu qədər gərginlik olduğu halda, hakimiyyətin pikapından heç olmasa bir birləşdirici fikir səslənmədi.

Bu yanaşma bütün proqram müzakirələrini və debatları məhv etdi. Ən azı 4-5 siyasi qüvvənin yaxşı ideyaları və proqram təklifləri vardı, lakin bunlar nifrət burulğanında boğuldu. Hakim komanda hətta öz rasional ideyalarını belə nifrət təbliğatının içində məhv etdi”, - deyə o bildirib.

Onun sözlərinə görə, iyunun 7-dən sonra istənilən hakimiyyət üçün əsas məsələ ölkədə atmosferin dəyişdirilməsi və daxili barışığın təmin edilməsi olmalıdır.

“Başqa yol yoxdur. Əks halda xalq yeni fəlakətlərlə üz-üzə qalacaq”, - deyə Hovhannisyan vurğulayıb.

O qeyd edib ki, hakimiyyət dəyişməsə, ölkə “məhv edəcəyəm, tutacağam, bezdirəcəyəm, alacağam” şüarları ilə idarə olunacaq.

“Belə olan halda cəmiyyət düşmənçilik və parçalanma içində olacaq, insanların ən azı 70 faizi özünü yad hiss edəcək. Əgər hakimiyyət dəyişərsə, onda da “bizi məhv etmək istəyirdilər” psixologiyası ilə yaşayan bir cəmiyyət yaranacaq”, - deyə o bildirib.

Hovhannisyan qeyd edib ki, nifrət ritorikası bütün sağlam ideyaları və problemlərin həlli ilə bağlı məntiqli təklifləri boğur.

“Artıq insanlar “kimə səs verəcəksən?” məsələsinə görə bir-birini bıçaqlayır, öldürür, minlərlə ailə parçalanır və düşmənə çevrilir. Bu məntiqlə hara gedirik? Artıq belə məsələləri müzakirə edəcək adam tapmaq çətindir. Ölkənin ətrafı gərgindir, daxilində isə anormal deqradasiya yaşanır”, - deyə o vurğulayıb.

Hovhannisyan qeyd edib ki, bu proseslərin qarşısını almalı olan strukturlar susur və baş verən qanunsuzluqlarda iştirak edirlər.

“Onlar başa düşürlərmi ki, bu sadəcə hakimiyyət tapşırıqları deyil, bütöv cəmiyyətin dağılmasına yönəlmiş addımlardır və ölkənin gələcək inkişafını təhlükə altına qoyur?” - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin