Pentaqon: Ukrayna Rusiya ordusunun “Starlink” sistemləri söndürüldükdən sonra 400 kvadrat kilometrə yaxın ərazini geri alıb

2025/10/1759853339.jpg
Oxunub: 433     12:37     22 May 2026    
Ukrayna Silahlı Qüvvələrinin bu ilin əvvəlində həyata keçirdiyi hücum zamanı təxminən 400 kvadrat kilometr ərazini geri aldığı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Müharibə Nazirliyinin kəşfiyyat idarəsinin hesabatına istinadən məlumat yayıb.

Sənəddə qeyd olunub ki, Ukrayna qüvvələri 2023-cü ildən etibarən ilk dəfə olaraq Rusiya ordusunun müvəqqəti, lakin ciddi şəkildə zəifləməsi fonunda əraziləri geri qaytara bilib.

Məlumata görə, Rusiya ordusu “Starlink” peyk internet terminallarından hərəkətlərin koordinasiyası və pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə edib.

Bildirilib ki, Kreml tərəfindən “Telegram” mesencerinin bloklanması da Rusiya qüvvələri üçün əlavə zərbə olub, çünki platforma döyüş meydanında əsas rabitə vasitələrindən biri sayılırdı.

Hesabatda vurğulanıb ki, buna baxmayaraq, mart ayına olan vəziyyətə əsasən, Rusiya döyüş əməliyyatlarının əksər istiqamətlərində ümumi üstünlüyünü qoruyub saxlayıb.

Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov isə “Starlink” sisteminin itirilməsini Rusiya ordusu üçün “fəlakət” adlandırıb.

Onun sözlərinə görə, qoşunların idarə olunması pozulub və bir çox istiqamətdə hücum əməliyyatları dayandırılıb.

Bildirilib ki, Rusiya bölmələrində istifadə olunan “Starlink” terminalları qeyri-qanuni yollarla digər ölkələrdən gətirilib və formal olaraq Ukrayna ərazisində qeydiyyatda olduğu üçün işlək vəziyyətdə saxlanılıb.

Məlumata görə, hələ Co Bayden administrasiyası dövründə ABŞ Müharibə Nazirliyi “SpaceX” şirkəti ilə Rusiya ordusundakı terminalların söndürülməsi məsələsini müzakirə etməyə başlayıb.

2026-cı ilin əvvəlində isə Ukraynanın yeni müdafiə naziri Mixail Fyodorov “SpaceX” şirkətindən Rusiyaya aid terminalların deaktiv edilməsini istəyib.

Peyk internetinin itirilməsindən sonra Rusiya ordusunun irəliləyiş tempi əhəmiyyətli dərəcədə zəifləyib.

Yanvarda Rusiya qüvvələri 245 kvadrat kilometr ərazi ələ keçirə bilsə də, fevral, mart və aprel aylarında hücum tempi aylıq 120-160 kvadrat kilometrədək azalıb.

Ukraynanın “DeepState” monitorinq kanalının məlumatına görə, mayın ilk 11 günü ərzində Rusiya qüvvələri Ukrayna ərazisinin 29 kvadrat kilometrini nəzarətə götürüb.

Hazırda Ukrayna ərazisinin 1 kvadrat kilometrini işğal etmək üçün Rusiya ordusuna orta hesabla 36 hücum həyata keçirmək lazım gəlir.

Bunun fonunda Rusiya Müdafiə Nazirliyinin cəbhədə mövcud olmayan uğurlar və hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan yaşayış məntəqələrinin “azad edilməsi” barədə məlumat yaydığı qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Ukrayna  


Bizi "telegram"da izləyin