Si-Putin razılaşmasının gizli balansı: Tayvan qarşılığında nə verildi?

2026/05/1779436023.jpg
Oxunub: 524     15:46     22 May 2026    
TASS agentliyi Rusiya və Çin liderlərinin mayın 19-da Pekində imzaladığı birgə bəyanatın müddəalarını dərc edib. Bunlar hüquqi-siyasi xarakter daşıyan onlarla formuladır. Rusiya-Çin əməkdaşlığının sahələri, xarakteri, səviyyəsi və coğrafiyası barədə proqnozlar vermək üçün, şübhəsiz ki, ən azı açıq mətnlərin dərin, hərtərəfli və peşəkar təhlili tələb olunur.

İlk baxışdan tərəflər üçün son dərəcə prinsipial məsələlər, yəni Tayvan və Ukrayna nizamlanması ilə bağlı bəyan edilmiş razılaşmalar arasındakı ciddi fərq diqqət çəkir.

Mətnə görə, Moskva “vahid Çin” prinsipinə sadiqliyini təsdiqləyib və Tayvan onun ayrılmaz hissəsi kimi göstərilib. Tayvan məsələsi beş gün əvvəl Si Cinpin-Donald Tramp danışıqlarında da müzakirə olunub, lakin nəticə olaraq ABŞ Prezidenti Taypey hakimiyyətini müstəqillik elan etməməyə çağırıb və silah satışını dayandırıb.

Rusiya Prezidenti Tayvanı “vahid Çinin ayrılmaz hissəsi” kimi tanıyıb, eyni zamanda Ukrayna məsələsində Çinin “bitərəf prinsipiallığını” yüksək qiymətləndirib. Ukrayna nizamlanması ilə bağlı Si-Putin razılığı belə formula olunub ki, “münaqişənin ilkin səbəbləri aradan qaldırılmalıdır”.

Rusiya-Ukrayna münaqişəsinin “ilkin səbəbləri” nədir? Mayın 9-da Vladimir Putin açıq şəkildə bəyan edib ki, Ukraynaya qarşı hərbi güc tətbiq edilməsinin səbəbi Kiyevin seçdiyi Avrointeqrasiya siyasətidir. Bundan əvvəl “ilkin səbəb” kimi Krım, Donbas və bir neçə digər bölgədə rus əhalisinin hüquqlarının pozulması göstərilirdi.

Putin danışıqlarda hansı “ilkin səbəbləri” təqdim edib, bu, o qədər də vacib deyil. Əsas məsələ budur ki, o, Tayvan məsələsində konkret öhdəlik götürüb, amma Rusiya-Ukrayna münaqişəsinin necə tənzimlənəcəyi ilə bağlı Si Cinpin öz üzərinə müəyyən məsuliyyət götürməyib.

Bu “incə” məqam göstərir ki, Rusiya-Çin münasibətlərində “hava sifariş edən” tərəf kimdir? Ancaq etiraf etmək lazımdır ki, Tayvan məsələsində Rusiyanın Çinə verdiyi dəstək praktiki baxımdan Çin üçün nə qədər əhəmiyyətlidirsə, Ukrayna məsələsində Çinin “bitərəf prinsipiallığı” da Rusiya üçün təxminən o qədər əhəmiyyətlidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Si   Putin   Rusiya   Çin   Tayvan  


Bizi "telegram"da izləyin