Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.
F.Şəfiyev vurğulayıb ki, müharibə zamanı şəhərlərin bombalanması və ya hərbi zərurət səbəbindən dağıdılması başqa məsələdir. Amma müəyyən yaşayış məntəqələrinin məqsədli şəkildə məhv edilməsi artıq başqa bir yanaşmanı göstərir:
“Qarabağ münaqişəsində bunu aydın şəkildə müşahidə etdik. Birinci Qarabağ müharibəsi dövründə Füzuli, Ağdam, Kəlbəcər, Laçın və digər şəhərlər işğal olunmuşdu. Lakin əsas dağıntılar 1994-cü ildən sonra məqsədli şəkildə həyata keçirilmişdi. Burada niyyət açıq şəkildə görünürdü — insanların geri qayıtmasının qarşısını almaq.
Azərbaycanın həmin dövrdə ən çox dağıdılmış şəhərləri tamamilə məhv edilmiş vəziyyətə salınmışdı. Bu ərazilər “buffer zone”, yəni təhlükəsizlik zonası kimi istifadə olunurdu”.
F.Şəfiyev əlavə edib ki, Kəlbəcər və Laçın isə onlar üçün xüsusi strateji əhəmiyyət daşıyırdı:
“Çünki bu rayonları Ermənistanla birləşdirmək və faktiki olaraq ilhaq etmək istəyirdilər. Xüsusilə Laçın dəhlizi uzun illər əsas hərbi və logistika xətti kimi istifadə olunurdu. 2020-ci ildən sonra belə bu məsələ beynəlxalq səviyyədə tez-tez müzakirə edilirdi. Ermənistan tərəfi həm Laçını, həm də Kəlbəcəri hərbi təchizat və əlaqə xətti kimi saxlamağa çalışırdı”.
O vurğulayıb ki, yenidənqurma prosesi yeni məşğulluq imkanları yaradır və iqtisadi inkişafı stimullaşdırır.
“Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi təcrübə gələcəkdə digər ölkələr üçün, o cümlədən Ukraynanın müharibədən sonrakı bərpası prosesində də faydalı ola bilər”, - deyə o qeyd edib.
Ordu.az