Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri “Köçəryan-Putin “şəxsi yaxşı münasibətləri” Ermənistana nə verib?” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, Köçəryanın prezidentliyi dövründə Vladimir Putin Ermənistana dörd dəfə səfər edib.
Bildirilir ki, Putin ilk dəfə Rusiyanın baş naziri kimi “27Oktyabr” terror aktı qurbanlarının dəfn mərasimində iştirak etmək üçün Ermənistana gəlib.
“Daha sonra o, 2001-ci ilin may ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etmək, həmin ilin sentyabrında isə rəsmi səfər məqsədilə İrəvana gəlib. Putinin Köçəryanın prezidentliyi dövründə Ermənistana son səfəri 2005-ci ilin mart ayında baş tutub.
Həmin səfərlərə baxmayaraq Ermənistan-Rusiya münasibətləri hüquqi və müqavilə baxımından ciddi inkişaf etməyib və tərəflər 1997-ci ilin avqustunda imzalanmış “Dostluq və əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qalıblar. Putin prezident kimi Cənubi Qafqaz ölkələri arasında ilk səfərini Azərbaycana edib və 2001-ci il yanvarın 9-da Heydər Əliyevlə Bakı Bəyannaməsini imzalayıb.
Həmin sənəddə tərəflər terrorizm, ekstremizm və separatçılığa qarşı birgə mübarizə aparmaq öhdəliyi götürüblər”, - deyə nəşr bildirib.
Məqalədə qeyd olunur ki, Köçəryanın prezidentliyi dövründə Rusiya Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi rolunda çıxış etməyib.
Yazıda Qarabağ məsələsinin həlli prinsiplərinin Fransa Prezidenti Jak Şirakın vasitəçiliyi ilə müzakirə olunduğu və 2007-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən Madriddə təqdim edildiyi vurğulanıb.
“Rusiya prezident səviyyəsində Qarabağ danışıqlarına ilk dəfə 2008-ci il noyabrın 2-də Dmitri Medvedevin təşkil etdiyi Serj Sarkisyan-İlham Əliyev görüşü ilə qoşulub. Həmin görüşdən sonra Mayendorf Bəyannaməsi adlı sənəd imzalanıb.
Köçəryanla Putin arasındakı “şəxsi yaxşı münasibətlər” konkret olaraq harada və necə özünü göstərib? Prezident postunu tərk etdikdən sonra Robert Köçəryan Rusiyanın “Sistema” şirkətinin direktorlar şurasının üzvü təyin olunub.
Mümkündür ki, bu, Putinlə yaxşı münasibətlər sayəsində baş verib, amma bunun Ermənistan-Rusiya dövlətlərarası münasibətlərinə nə aidiyyəti var?”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az