ABŞ Nümayəndələr Palatası qoşunların Livandan çıxarılması ilə bağlı qətnaməni rədd edib

2026/06/1780728335.jpg
Oxunub: 256     10:46     06 İyun 2026    
ABŞ Nümayəndələr Palatası Miçiqan ştatından demokrat konqresmen Rəşidə Tlaib tərəfindən təqdim olunan və ABŞ hərbçilərinin Livandan çıxarılmasını nəzərdə tutan qətnaməni böyük səs çoxluğu ilə rədd edib.

Ordu.az xəbər verir ki, səsvermə zamanı qətnamənin lehinə 92, əleyhinə isə 324 konqresmen səs verib.

Sənəd Prezident Donald Trampdan ABŞ qoşunlarını yeddi gün ərzində Livandan çıxarmağı tələb edirdi.

Qətnamənin əleyhinə çıxan Demokrat Partiyası rəhbərliyi birgə bəyanat yayaraq Livanda ABŞ hərbçilərinin döyüş əməliyyatlarında iştirak etmədiyini bildirib.

Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris, onun müavini Ketrin Klark və fraksiya sədri Pit Aquiların imzaladığı bəyanatda qeyd olunub ki, Livanda ABŞ hərbçiləri döyüş əməliyyatları və ya hərbi toqquşmalarda iştirak etmir.

Bəyanatda həmçinin vurğulanıb ki, ABŞ Livan xalqının, Livan hökumətinin və Livan Silahlı Qüvvələrinin sülh şəraitində yaşamaq və ABŞ-nin düşməni hesab olunan “Hizbullah” təşkilatını məğlub etmək səylərini dəstəkləyir.

Nyu-York ştatını təmsil edən yəhudi əsilli demokrat konqresmenlər Cerrold Nadler və Den Qoldman da qətnamənin əleyhinə səs veriblər.

Onlar birgə bəyanatlarında bildiriblər ki, bu mövqe İsrailin Baş naziri Benyamin Netanyahunun Livandakı hərbi əməliyyatlarına dəstək kimi qiymətləndirilməməlidir.

Konqresmenlər vurğulayıblar ki, Livanda mövcud olan ABŞ hərbi kontingenti ölkənin legitim hökumətinə dəstək məqsədi daşıyır və Vaşinqtonun bu yardımı davam etdirməsi vacibdir.

Qətnamənin müəllifi Rəşidə Tlaib isə səsvermədən əvvəl X sosial şəbəkəsində paylaşım edərək Konqresin təcili tədbir görməli olduğunu bildirib.

Onun sözlərinə görə, Livan xalqı Konqresin bir ay sonra addım atmasını gözləyə bilməz və ABŞ-nin dəstəklədiyi İsrail əməliyyatları nəticəsində hər gün livanlı uşaqlar ölür və ya yaralanır.

Tlaib Konqresi həmin gün Livanla bağlı Hərbi Səlahiyyətlər Qətnaməsini qəbul etməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Livan  


Bizi "telegram"da izləyin