Ordu.az xəbər verir ki, Tramp müsahibədə Çin Prezidenti Si Cinpin ilə şəxsi danışıqlarından və bunun qlobal təhlükəsizlik üçün mümkün nəticələrindən danışıb.
Teleaparıcının “Si Cinpinlə görüşlərinizdən sonra Tayvan xalqı özünü daha təhlükəsiz, yoxsa daha az təhlükəsiz hiss etməlidir?” sualına Tramp belə cavab verib: “Neytral. Bu, uzun illərdir davam edir”.
O bildirib ki, ABŞ-nin Tayvanla bağlı siyasəti dəyişməyib.
“Heç nə dəyişməyib. Mən kiminsə müstəqillik əldə etməsini istəmirəm. Bilirsiniz, müharibədə iştirak etmək üçün 9500 mil yol getməliyik. Mən bunu istəmirəm. Mən onların sakitləşməsini istəyirəm. Mən Çinin sakitləşməsini istəyirəm”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Bununla yanaşı, Tramp Tayvan administrasiyasına 14 milyard dollar dəyərində silah tədarükü ilə bağlı uzun müddətdir gecikdirilən müqaviləni imzalayıb-imzalamayacağı barədə suala cavab verməkdən imtina edib.
Onun sözlərinə görə, ötən il qanunvericilər paketə ilkin razılıq versələr də, Ağ Ev sənədi irəli aparmayıb.
“Mümkündür ki, bunu edim. Mümkündür ki, etməyim. Biz müharibə istəmirik. Hər şeyi olduğu kimi saxlasanız, düşünürəm ki, Çin buna qarşı çıxmaz. Amma biz istəmirik ki, kimsə desin: “Gəlin müstəqil olaq, çünki ABŞ bizi dəstəkləyir”, - deyə Tramp qeyd edib.
Sevinc Əliyeva
Ordu.az