Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Vaşinqtondakı FBI ofisinin məlumatına görə, hələ 2019-cu ilin fevralında federal böyük jüri Uitə qarşı ittiham irəli sürüb.
İstintaqın versiyasına əsasən, o, İran hakimiyyətinə ABŞ-nin milli müdafiəsi ilə bağlı məxfi məlumatlar ötürüb.
Monika Uit 1997-2008-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib, daha sonra isə 2010-cu ilə qədər ABŞ hökumətinin podratçısı kimi çalışıb. Bu müddət ərzində o, SECRET və TOP SECRET səviyyəli materiallara, o cümlədən gizli fəaliyyət göstərən ABŞ kəşfiyyat əməkdaşlarının həqiqi adlarına çıxış əldə edib.
FBI məlumatına görə, Uit 2013-cü ildə İrana köçüb. İstintaq hesab edir ki, bundan sonra o, Tehrana ABŞ-nin gizli proqramlarını, həmçinin xaricdə çalışan amerikalı əməkdaşların və onların ailə üzvlərinin təhlükəsizliyini risk altına atan məxfi məlumatlar ötürüb.
Sevinc Əliyeva
Ordu.az