Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, ötən ilin avqustunda Patel xidməti ezamiyyət çərçivəsində Havay adalarında olub. Avstraliya və Yeni Zelandiyaya rəsmi səfərlərdən sonra o, yenidən adalara qayıdıb və onun üçün “VIP Snorkel” adlı xüsusi ekskursiya təşkil edilib.
Dalış zamanı iştirakçılar batmış USS “Arizona” döyüş gəmisinin üzərində üzüblər. Gəmi 1941-ci il dekabrın 7-də Pörl-Harbora Yaponiya hücumu zamanı məhv edilmişdi.
Gəminin gövdəsində bu günədək 900-dən çox amerikalı dənizçi və dəniz piyadasının qalıqları yerləşdiyi üçün həmin ərazi hərbi qəbiristanlıq və ABŞ-nin ən hörmət edilən memoriallarından biri hesab olunur.
Adi ziyarətçilər üçün memorial ərazisində üzmək və dalış etmək qadağandır. Yalnız bəzi hallarda yüksək vəzifəli dövlət və hərbi şəxslərə istisna tətbiq edilir.
Lakin “Associated Press”in məlumatına görə, ən azı 1993-cü ildən etibarən FBI direktorlarından heç biri belə ekskursiyada iştirak etməyib.
FBI bildirib ki, Pörl-Harbora səfər milli təhlükəsizlik məsələləri ilə bağlı rəsmi proqramın bir hissəsi olub. Bununla yanaşı, qurum dalış barədə məlumat verməyib və ekskursiyanın kim tərəfindən təşkil olunduğunu açıqlamayıb.
Jurnalistlərin məlumatına görə, FBI direktorunun istifadə etdiyi “Gulfstream G550” xidməti təyyarəsi Havay adalarında iki gecə qaldıqdan sonra Las-Veqasa uçub.
Bəzi veteranlar və dövlət qurumlarının keçmiş əməkdaşları belə ekskursiyanı yersiz hesab edərək bildiriblər ki, USS “Arizona” memorialı yüzlərlə hərbçinin həlak olduğu məkandır və ona yalnız xüsusi hörmətlə yanaşılmalıdır.
Qeyd edək ki, daha əvvəl Patel gənclik illərindəki qeyri-etik davranışları ilə bağlı mediada yayılan məlumatlara görə də qalmaqalın mərkəzinə düşmüşdü.
Sevinc Əliyeva
Ordu.az