Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, qarşıdurmalar zamanı partlayış səsləri eşidilib. “Reuters”in hadisə şahidinin bildirdiyinə görə, etirazçılar şəhərin mərkəzi meydanı olan Plaza Murilyoya daxil olmağa çalışarkən polis qüvvələri ilə toqquşub və dinamit partlayıcılarına bənzər əşyalar atıblar.
Yerli mədənçilər partlayıcı maddələrə və yanacağa çıxış imkanlarının genişləndirilməsini, həmçinin müqavilələrin yenidən nəzərdən keçirilməsini və faydalı qazıntıların hasilatı qaydalarının qorunmasını tələb edirlər.
Mədənçilər fermer birlikləri və digər həmkarlar ittifaqları ilə birlikdə ölkədə iqtisadi və yanacaq böhranının dərinləşməsinə qarşı etiraz aksiyaları keçirirlər. Böhranın ABŞ dolları çatışmazlığı və enerji daşıyıcılarının daxili istehsalının azalması səbəbindən yarandığı bildirilir.
Bəzi etirazçılar prezidentin andiçməsindən cəmi altı ay sonra onun istefasını tələb ediblər.
Xatırladaq ki, ötən il mərkəzçi siyasətçi Pas seçkilərdə inamlı qələbə qazanaraq ölkəni son nəslin ən ağır iqtisadi böhranından çıxarmağa kömək edəcək bazar islahatları vəd etmişdi.
Hakimiyyət nümayəndələri etiraz iştirakçıları ilə yanacaq subsidiyalarından və sosial müavinətlərdən başlayaraq aqrar islahatlarla bağlı “1720 saylı Qanun”adək müxtəlif məsələlər üzrə danışıqlar aparıldığını bildiriblər. Həmin qanun yerli xalqlar və kənd təşkilatlarının mənfi reaksiyasından sonra çərşənbə günü ləğv edilib.
Sevinc Əliyeva
Ordu.az