Hər beş rusiyalıdan biri ölkədə yaşayış səviyyəsinin enməsi səbəbilə kütləvi etirazları mümkün sayır

2026/05/1778846545.jpg
Oxunub: 380     16:01     15 May 2026    
Ölkədə yaşayış səviyyəsinin enməsi ilə bağlı kütləvi etiraz aksiyalarını Rusiya vətəndaşlarının 20 faizi mümkün hesab edir.

Ordu.az xəbər verir ki, sorğuda iştirak edənlərin daha 14 faizi siyasi tələblərlə çıxışların mümkün olduğunu düşünür.

Bu, “Levada Mərkəzi”nin araşdırmasının nəticələrində əksini tapıb və hər iki göstərici 2024-cü ilin iyulundan bəri ən yüksək həddə çatıb.

Noyabr ölçümü ilə müqayisədə iqtisadi etirazların mümkünlüyünə inananların sayı 4 faiz bəndi artaraq 16 faizə, siyasi etirazlara inananların sayı isə 3 faiz bəndi artaraq 14 faizə yüksəlib.

Siyasi aksiyalarda şəxsən iştirak etməyə hazır olduğunu bildirənlərin payı da 1 faiz bəndi artaraq 12 faizə çatıb. Eyni zamanda iqtisadi etirazlarda potensial iştirakçıların payı əksinə, 1 faiz bəndi azalaraq 16 faizə düşüb. Sorğu aprelin 22-29-da keçirilib.

Etiraz potensialı daha yüksək səviyyədə yalnız 2024-cü ilin iyulunda qeydə alınıb: yaşayış səviyyəsinin enməsi məsələsində 21 faiz, siyasi şüarlar üzrə isə 15 faiz.

Müqayisə üçün, 2022-ci ilin fevralında kütləvi etirazları Rusiya vətəndaşlarının 29 faizi mümkün sayırdı, iqtisadi aksiyalarda iştirak etməyə 23 faiz, siyasi aksiyalarda isə 18 faiz hazır idi.

Etiraz əhval-ruhiyyəsinin artması hakimiyyət reytinqinin azalması fonunda baş verir.

Kreml nəzarətində olan Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatına görə, Vladimir Putinin reytinqi apreldə 65,6 faizə qədər enib və bu, Ukraynada müharibənin başlanmasından bəri minimum göstərici olub.

“Vahid Rusiya”nın dəstəyi 28 faizin altına düşərək 2022-ci ilin fevralından etibarən yeni anti-rekord yeniləyib. “VTsIOM”un açıq sorğusunda, yəni respondentlərin özlərinin kimə etibar etdiklərini göstərdiyi ölçmədə, Putinin göstəricisi ümumilikdə 29,5 faiz olub və bu da genişmiqyaslı hücumdan bəri ən aşağı nəticə sayılıb. Bundan sonra “İctimai Rəy” Fondu və VTsIOM prezidentin həftəlik reytinqini dərc etməkdən imtina edib.

Mütəxəssislərin fikrincə, mövqedəki dəyişiklik bir sıra səbəblərlə bağlıdır. London Kral Kollecinin Rusiya İnstitutunun direktoru Gulnaz Şərəfutdinova messencerlərin və internetin dayandırılmasını, Ukrayna məsələsində ABŞ ilə razılaşmaya dair puç olmuş ümidləri və iqtisadiyyata və yaşayış səviyyəsinə getdikcə daha çox təsir edən müharibə yorğunluğunu əsas amillər kimi göstərib.

Sosioloq, Rusiya hökumətinin keçmiş müşaviri Konstantin Qaazen isə hökumətin gündəlik həyata daha fəal müdaxilə etdiyini (elektrik kəsintiləri, məhdudiyyətlər və s.) bildirib və müharibənin getdikcə daha dərin şəkildə Rusiyaya nüfuz etdiyini, pilotsuz uçuş aparatları və neft emalı zavodlarına zərbələr şəklində hiss olunduğunu vurğulayıb. “Bütün bunlar zamanla yığılır”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yaşayış-səviyyəsi  


Bizi "telegram"da izləyin