Haluk Görgün Belçikanın Türkiyə müdafiə sənayesinə marağını dəyərləndirib - ƏTRAFLI

2026/05/1778844102.jpg
Oxunub: 415     15:24     15 May 2026    
“Bu gün ortaya çıxan mənzərə müəyyən müddətdir davam edən təmasların, qarşılıqlı etimadın və sahədə özünü göstərmiş qabiliyyətlərin nəticəsidir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Belçika İqtisadi Missiyasının Türkiyəyə səfəri ilə bağlı “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında deyib..

Belçika ilə bağlı son prosesləri yalnız bir neçə günlük canlanma kimi oxumağın düzgün olmadığını bildirən Görgün deyib:

“Bu gün ortaya çıxan mənzərə müəyyən müddətdir davam edən təmasların, qarşılıqlı etimadın və sahədə özünü göstərmiş qabiliyyətlərin nəticəsidir. Belçika Türkiyəyə çox güclü nümayəndə heyəti ilə gəlib. Müdafiədən aviasiyaya, texnologiyadan sənayeyə qədər müxtəlif sahələrdən təmsilçilər var. Bu da bizə onu göstərir ki, Türkiyə artıq yalnız məhsulları ilə izlənilən bir ölkə deyil. Türkiyə birlikdə işlənmək, birlikdə istehsal aparılmaq istənilən müdafiə sənayesi ekosisteminə çevrilib. Biz də bu marağı təbii ki, məmnuniyyətlə qarşılayırıq. Amma onu da bilirik ki, müdafiə sənayesində davamlı əməkdaşlıq təkcə yaxşı niyyətlə olmur. Etimad olacaq, qabiliyyət olacaq, hər iki tərəf üçün mənalı fayda mühiti olacaq”.

Görgün Belçika müdafiə naziri Teo Frankenin türk müdafiə sənayesinə dair “Türkiyə bizdən çox irəlidədir, sürətlənməliyik” kimi sözlərinin Türkiyənin çatdığı səviyyənin xaricdən necə göründüyünü də nümayiş etdirdiyini vurğulayıb.

Türkiyə müharibənin dəyişən xarakterini erkən oxudu

Müharibənin xarakterinin bu gün çox sürətlə dəyişdiyinə diqqət çəkən Görgün bunları qeyd edib:

“İnsansız sistemlər, süni zəka, radioelektron mübarizə, antidron texnologiyaları, sürətli istehsal qabiliyyəti... Bunların hamısı artıq sahədə həlledici amilə çevrilib. Türkiyə bu dəyişikliyi erkən oxudu. Biz sadəcə bir məhsul hazırlamadıq. Dizayndan istehsala, alt sistemlərdən proqram təminatına, sursatdan təhvilə qədər bütöv bir struktur qurduq. Belçikalı dostlarımız da bunu görür. “Baykar”da, TUSAŞ-da, ASELSAN-da, ROKETSAN-da, HAVELSAN-da və digər şirkətlərimizdə gördükləri şey tək-tək məhsullar deyil. Orada ciddi mühəndislik təcrübəsi, istehsal intizamı, sahə təcrübəsi və sürətli qərarvermə qabiliyyəti var. Bu da təbii olaraq maraq doğurur”.

Bugünkü mənzərə öz-özünə yaranmayıb

Haluk Görgün Belçika ilə Türkiyə arasında baş verən prosesin ani inkişaf edən məsələ olmadığını qeyd edib. Son səfərin arxa planı barədə danışan Görgün sözlərini belə davam etdirib:

“Bu işlər bir gündə olmur. Əvvəlcə eyni masalara oturursunuz, bir-birinizi dinləyirsiniz. Sonra şirkətlər bir-birini tanıyır, qurumlar bir-birinə etimad etməyə başlayır. Bundan sonra konkret əməkdaşlıq sahələri ortaya çıxır. Keçən il NATO Zirvəsi çərçivəsində cənab Franken ilə eyni paneldə idik. Sonra IDEF-də təmaslarımız oldu. Brüsseldə ilk Türkiyə-Belçika Müdafiə Sənayesi Günü keçirildi. Orada şirkətlərimiz belçikalı həmkarları ilə bir araya gəldi. İndi də görürük ki, bu proses Ankarada, Müdafiə Sənayesi Komitəmizdə daha geniş iqtisadi missiya ilə davam edir. Yəni bugünkü mənzərə öz-özünə yaranmış mənzərə deyil. Arxasında addım-addım aparılan, izlənilən, yetişdirilən bir proses var. Bu gün artıq bunun konkret nəticələrə çevrilməyə başladığını görürük”.

Görgün görüşlərin nəticəsində imzalanan Niyyət Məktubunun mühüm addım olduğunu bildirib və vurğulayıb ki, bu cür sənədlər düzgün izlənilərsə, yalnız diplomatik sənəd kimi qalmaz.

Birgə inkişaf və istehsal üçün güclü zəmin

Görgün bunları qeyd edib: “Bu, qurumları, şirkətləri və qərarvericiləri eyni hədəfə yönəldən bir çərçivəyə çevrilir. Bizim burada yanaşmamız belədir: Türkiyə ilə Belçika arasında müdafiə sənayesi münasibəti yalnız alqı-satqı münasibəti olmasın. Əlbəttə, ticarət olacaq, məhsul olacaq, layihə olacaq. Amma bundan daha irəli getmək lazımdır. Birgə inkişaf ola bilər, birgə istehsal ola bilər, üçüncü bazarlarda birlikdə hərəkət edilə bilər. NATO-nun ehtiyaclarına birlikdə həll yaradıla bilər. Belçikanın güclü olduğu sahələr, həssas komponentlər, qabaqcıl materiallar, kosmik texnologiyalar, xüsusi müdafiə elektronikasının kimi sahələr var. Türkiyənin isə sahədə özünü sübut etmiş sistemləri, sürətli istehsal qabiliyyəti və geniş sənaye şəbəkəsi var. Bunları düzgün şəkildə bir araya gətirdiyiniz zaman hər iki tərəf üçün ciddi dəyər yaranır”.

Təhlükəsizlik idxal edilə bilən bir şey deyil

Görgün təhlükəsizlik arxitekturası və strateji müstəqillik çərçivəsində dünyada baş verən proseslərə diqqət çəkərək deyib:

“Bunu çox açıq demək lazımdır: Dünyada çox şeyi satın ala bilərsiniz. Bir məhsul ala bilərsiniz, bir maşın ala bilərsiniz, bəzi texnologiyaları xaricdən əldə edə bilərsiniz. Amma təhlükəsizlik belə bir şey deyil. Təhlükəsizlik idxal edilə bilən bir şey deyil. Hər ölkə öz təhlükəsizlik arxitekturasını qurmaq məcburiyyətindədir. Böhran anında öz qərarını verə bilmək, öz vətəndaşını qoruya bilmək, öz sistemini ayaqda saxlaya bilmək məcburiyyətindədir. Bunu yaxın keçmişdə Kovid dövründə hamımız birlikdə gördük. Bir ictimai sağlamlıq böhranı yaşandı, amma bəzi ölkələr başqa ölkələrə gedən tibbi ləvazimatlara belə əl qoydu. O gün əslində hamı çox açıq şəkildə gördü ki, böhran gələndə heç kim heç kimin göz yaşına baxmır. Hər ölkə əvvəlcə öz həllini istehsal etməlidir. Bu gün də oxşar dövrdən keçirik. Hazırda içindən keçdiyimiz dövrü “geosiyasi pandemiya” kimi xarakterizə edə bilərik. Böhranlar artıq bir bölgədə başlayıb orada qalmır, bir-birini tetikləyir və yayılır. Siyasi böhran enerji böhranına, enerji böhranı təchizat böhranına çevrilə bilir və bütün dünyanı təsiri altına ala bilir. Belə bir dünyada heç kimin insafına məhkum ola bilməzsiniz. Türkiyə olaraq biz bu həqiqəti erkən gördük. Bu pandemiyaya da hazırlıqsız yaxalanmadıq. Təbii ki, cənab Prezidentimizin bu məsələdə göstərdiyi mövqeni də düzgün oxumaq lazımdır. Türkiyə cənab Prezidentimizin atdığı addımlar və formalaşdırdığı müdafiə sənayesi siyasətləri ilə bu günlərə gəlib çatıb”.

Ortaq faydanı böyüdən əməkdaşlıqlara açığıq

Prezident Rəcəb Tayyib Ərdoğanın vizyonu istiqamətində aparılan işlərlə Türkiyənin öz müdafiə sənayesini, mühəndislik gücünü və istehsal qabiliyyətini qurduğunu vurğulayan Görgün deyib:

“Bu gün gəldiyimiz nöqtədə dost və müttəfiq ölkələrimizə bunu deyirik: Biz qapalı model təklif etmirik. Əksinə, qazan-qazan prinsipinə əsaslanan, hər kəsin öz ekosistemini gücləndirdiyi, ortaq faydanı böyüdən əməkdaşlıqlara açığıq. Yəni bu geosiyasi pandemiyanın dost və müttəfiq ölkələr tərəfindən də ən az zərərlə aşılmasını istəyirik. Təklifimiz budur. Gəlin, yalnız bugünün ehtiyaclarına yox, sabahın təhlükəsizlik sınaqlarına da birlikdə hazırlaşaq. Belçika dövləti də bu çağırışımıza səs verən ölkələrdən biri oldu”.

Məqsədimiz bu marağı davamlı layihələrə çevirməkdir

Haluk Görgün məqsədlərinin Belçikanın bu marağını davamlı layihələrə çevirmək olduğunu söyləyib.

Bu gün çox güclü motivasiyanın olduğuna diqqət çəkən Görgün sözlərini belə tamamlayıb:

“Şirkətlər bir-birini tanıyır, qurumlar eyni masaya oturur, siyasi iradə də bu prosesi dəstəkləyir. İndi vacib olan bu dinamikanı itirməməkdir. Platformalardan alt sistemlərə, insansız sistemlərdən dənizçilik sahəsinə, elektron sistemlərdən sursat və texnoloji həllərə qədər geniş bir sahə var. Amma biz məsələyə yalnız “bu gün nə satılar, sabah nə alınar” kimi baxmırıq. Daha uzunmüddətli yanaşırıq. Türkiyə müdafiə sənayesi artıq yalnız öz ehtiyaclarına cavab verən bir struktur deyil. Müttəfiqləri ilə birlikdə həll istehsal edən, ortaq təhlükəsizliyə töhfə verən, sahədə nəticə verən bir gücdür. Belçika ilə münasibətlərimizdə də bu anlayışla irəliləyirik. Səmimi, balanslı, uzunmüddətli və nəticə verən tərəfdaşlıq istəyirik. Bugünkü təmasların da bu istiqamətdə güclü başlanğıc yox, əslində güclü davam olduğunu düşünürük”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Belçika   Görgün  


Bizi "telegram"da izləyin