Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin məlumatına görə, nə ticarət münasibətləri, nə də Hörmüz boğazının açılması ilə bağlı hər hansı konkret razılaşma elan olunmayıb.
Məqalədə qeyd olunur ki, zahiri təmtəraq və dostluq atmosferi tərəflərin görüşdən nə gözlədikləri və münasibətləri ümumilikdə necə qiymətləndirdikləri məsələsində ciddi fərqləri gizlədib.
“Sammitin ikinci günü danışıqların konkret razılaşma ilə nəticələnib-nəticələnməyəcəyinin sınağına çevrildi. Tramp Pekindən ayrılan zaman belə bir razılaşma hələ də formalaşmamışdı”, - deyə nəşr bildirib.
Xatırladılıb ki, ötən ilin oktyabrında Tramp və Si Cinpin bir sıra qarşıdurmalardan sonra ticarət sahəsində atəşkəs razılaşması əldə etmişdilər.
Həmin qarşıdurmalar zamanı 100 faizdən çox idxal rüsumları tətbiq edilmiş, ABŞ çiplərinin Çinə ixracına məhdudiyyət qoyulmuş və Çindən ABŞ-yə nadir torpaq metalları tədarükü faktiki olaraq dayandırılmışdı.
O zaman iki ölkə lideri radikal tədbirləri bir il müddətinə təxirə salmaq və bu müddətdə hərtərəfli ticarət sazişi əldə etməyə çalışmaq barədə razılığa gəlmişdilər.
Lakin Pekində keçirilən danışıqların nəticələrinə əsasən bunun əlamətləri görünməyib.
Tramp Si Cinpini sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib.
Analitiklərin fikrincə, belə bir səfərin perspektivi Pekinə ABŞ-dən bəzi mühüm qərarların, ilk növbədə Tayvana silah tədarükü ilə bağlı addımların təxirə salınmasına nail olmaq imkanı verə bilər.
“Saxo Markets”in baş investisiya strateqi Çaru Çanaranın sözlərinə görə, sammit təcili mənfi şok riskini azaldır, lakin inflyasiya təzyiqləri, geosiyasi risklər və İranla münasibətlərdə gərginlik də daxil olmaqla daha dərin struktur problemləri aradan qaldırmır.
Nəşr həmçinin bildirib ki, tərəflərin diqqətlə formalaşdırılmış açıqlamalarından Si Cinpinin Trampın prezidentlik müddətinin sonuna qədər onu daha proqnozlaşdırıla bilən davranışa məcbur etmək istədiyi görünür.
Bu çərçivədə Pekin Vaşinqtondan qəfil rüsumlar, gözlənilməz sanksiyalar və Çinin “qırmızı xətləri” kimi qəbul etdiyi məsələlərdə təxribat xarakterli addımlar atmamağı gözləyir.
Sammitin ilk gününün nəticələri Ağ Evin hesabatında biznes üçün faydalı ticarət münasibətlərinin bərpası kimi təqdim edilib.
Pekin isə bunu çoxillik “strateji sabitlik” sistemi qurmaq istiqamətində ilk addım kimi xarakterizə edib.
“Bloomberg” agentliyinin məlumatına görə, Tramp Si Cinpinlə keçirdiyi brifinq zamanı ABŞ və Çinin İranla müharibənin dayandırılması məsələsində ortaq məqsədlər güddüyünü bildirib.
Onun sözlərinə görə, hər iki lider İranın nüvə silahına malik olmaması və Hörmüz boğazının gəmiçilik üçün açılması məsələsində razılığa gəlib.
Lakin Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehranın nüvə proqramı ilə bağlı məsələ yalnız dialoq yolu ilə həll edilməlidir.
Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Si Cinpin ona Çinin Tehrana silah tədarük etməyi planlaşdırmadığını deyib.
ABŞ prezidentinin sözlərinə görə, Çin lideri İranla razılaşmanın əldə olunmasını istəyir və bu məsələdə yardım təklif edib.
Lakin “The Wall Street Journal” qeyd edib ki, Pekin İran neftinin alışını dayandıracağına dair heç bir siqnal vermir.
Məhz bu satışlar Vaşinqtonun sanksiyalar vasitəsilə zəiflətməyə çalışdığı İran iqtisadiyyatının ayaqda qalmasına kömək edir.
Analitiklər həmçinin bildiriblər ki, Pekin Tayvan məsələsini ikitərəfli münasibətlərlə açıq şəkildə əlaqələndirməyə çalışır.
Si Cinpin Trampla görüşün başlanmasından dərhal sonra bu mövzunu qaldırıb.
Çin liderinin qapalı görüş zamanı dediyi sözləri “Sinxua” agentliyi yayıb.
“Əgər ada məsələsi düzgün şəkildə həll olunarsa, Çin və ABŞ əməkdaşlığı davam etdirəcək. Əks halda iki ölkə arasında toqquşmalar və hətta münaqişə yarana bilər ki, bu da Çin-ABŞ münasibətlərini çox təhlükəli vəziyyətə sala bilər”, - deyə Si Cinpin bildirib.
Sevinc Əliyeva
Ordu.az