ÜDM-in azalması təbii olaraq büdcədə ciddi problemlərə səbəb olub. Ekspertlər hesab edirlər ki, vergi qanunvericiliyində aparılan islahat əks effekt verib. Vergi dərəcələrinin artırılması kiçik və orta sahibkarlıq sahəsindən daxilolmaları 8 trilyon rubldan çox azaldıb.
Baş nazirin müavini Novakın qiymətləndirməsinə görə, hökumətin “büdcə xərclərinin prioritetlərinin müəyyənləşdirilməsi problemi var, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində problem mövcuddur”. Bu fikri belə başa düşmək olar ki, hökumət sosial xərcləri azaltmağa və ya təxirə salmağa məcburdur, mövcud vəsaitləri isə Müdafiə Nazirliyinə və hərbi-sənaye kompleksinə yönəldir. Başqa sözlə, “hər şey cəbhə üçün, hər şey qələbə üçün” adlı Stalin şüarını rəhbər tutur.
“Nezavisimaya qazeta”nın məlumatına görə, vergi yükünün ağırlaşması kiçik və orta sahibkarların təxminən 65 faizini “fərdi sahibkar” kimi yenidən qeydiyyatdan keçməyə məcbur edib. İlin əvvəlindən Rusiyada əhalinin kommunal xərcləri də kəskin artıb. Hökumət əhali üçün elektrik enerjisi tariflərini bu il 12,5 faiz, gələn ildən isə 13,5 faiz artırmağı planlaşdırır. Ümumilikdə kommunal xidmətlər təxminən 10 faiz bahalaşacaq.
Qeyd edək ki, bütün bu məlumatlar rəsmi xarakter daşıyır və Rusiya hökumətinin 2030-cu ilə qədər iqtisadi proqnozlarını əks etdirən sənəddə yer alıb. Həmçinin etiraf etmək lazımdır ki, statistik göstəricilərdən kənarda real iqtisadiyyat da var və oradakı vəziyyət, şübhəsiz ki, baş nazirin müavini Novakin təqdim etdiyindən daha yaxşı deyil.
Rusiya mətbuatında təqdim olunan mənzərə heç bir əlavə olmadan verilir və bu, nə təbliğat, nə də “anti-Rusiya mövqeyidir”. Sadəcə Rusiyada “senzuradan keçmiş” minimum faktlar qeyd olunur. Hər bir ölkənin, xüsusilə də artıq beşinci ildir müharibə aparan Rusiyanın davamlılığını onun iqtisadiyyatı müəyyən edir.
Aydındır ki, “hərbi-sənaye kompleksi iqtisadiyyatın digər sahələrini də arxasınca aparacaq” adlı Putin proqramı yumşaq desək, real şəraitdə özünü doğrultmur. Rusiya Ermənistanın bir nömrəli iqtisadi tərəfdaşıdır. Buna görə də Ermənistanda diqqət “Putin qəzəblənəcək və bizi lənətləyəcək” ehtimalına deyil, “Rusiya iqtisadiyyatı sistemli tənəzzülü davam etdirsə, biz nə edəcəyik?” sualına yönəlməlidir. Bəlkə “apokalipsis”i gözləməmək lazımdır?
Asif Cəfərov
Ordu.az