Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, hesabat mayın 19-da parlamentin iqtisadi məsələlər üzrə daimi komitəsində təqdim olunacaq.
“Əsas məruzəçi komissiyanın sədri Geqam Gevorkyan olacaq. Hesabatda xüsusilə təhsil və səhiyyə sahələrində qeydə alınmış anti-rəqabət halları diqqət çəkib. Bu hallarla bağlı komissiya dövlət qurumlarına qarşı icraatlar başladıb.
Məsələ xüsusilə Təhsil, Elm, Mədəniyyət və İdman (TEMİ) Nazirliyi tərəfindən təşkil olunan satınalmalarla bağlıdır. Həmin satınalmalar çərçivəsində ictimai sektor təşkilatlarının mühasibat uçotu və satınalma proseslərinin təşkili xidmətləri bir vahid lotda birləşdirilib.
Komissiyanın araşdırmasına görə, nazirlik çox sərt və ayrı-seçkilik yaradan şərtlər müəyyən edib. Qaydalara əsasən, iştirakçı təşkilatlar son üç il ərzində oxşar müqavilələr icra etmiş olmalı və bir sıra maliyyə və əmək göstəricilərinə uyğun gəlməli idilər.
Komissiyaya görə, bu şərtlər mümkün iştirakçıların dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və nəticədə satınalma proseslərində heç bir iqtisadi subyekt iştirak etməyib”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, komissiya nazirliyin davranışını iqtisadi subyektlərə qarşı ayrı-seçkilik yaradan və sahibkarlıq fəaliyyətini məhdudlaşdıran anti-rəqabət addımı kimi qiymətləndirib.
“Nəticədə TEMİ Nazirliyinə xəbərdarlıq edilib və dövlət satınalmaları sahəsində rəqabətin süni şəkildə məhdudlaşdırılmasının yolverilməz olduğu vurğulanıb.
Hesabatın başqa bir səs-küylü hissəsi səhiyyə sahəsinə aiddir. Komissiya “Respublika Təcili Yardım Xidməti” və “Təcili Tibbi Yardım” şirkətlərinə fərqli şərtlərlə kompensasiya verilib-verilmədiyini və bunun rəqabət prinsiplərini pozub-pozmamasını araşdırmaq üçün icraat başladıb.
İcraat “Təcili Tibbi Yardım” şirkətinin müraciəti əsasında başlanıb. Şirkət bildirib ki, İrəvanda təcili yardım çağırışları üçün müəyyən edilən kompensasiya məbləğləri illərdir yenidən nəzərdən keçirilməyib, dövlətə məxsus “Respublika Təcili Yardım Xidməti” üçün isə daha əlverişli şərtlər müəyyən olunub.
Komissiya müəyyən edib ki, Səhiyyə Nazirliyi kompensasiya məbləğlərinin hansı hesablamalar və meyarlar əsasında formalaşdırıldığını açıqlamayıb”, - deyə nəşr bildirib.
“Joğovurd”un yazdığına görə, eyni zamanda məlum olub ki, vahid və obyektiv metodologiya olmadan yalnız dövlət şirkəti üçün kompensasiya şərtləri yenidən nəzərdən keçirilib və yaxşılaşdırılıb.
“Bu isə bazarda bərabər olmayan rəqabət mühiti yarada bilərdi.
Nəticədə komissiya Səhiyyə Nazirliyinə xəbərdarlıq edib və onu aşağıdakılarla öhdələndirib:
- qadağan olunmuş dövlət yardımını dayandırmaq,
- təcili tibbi yardım xidmətlərinin göstərilməsinə görə kompensasiya üçün dəqiq, şəffaf və obyektiv meyarlar müəyyənləşdirmək,
- kompensasiya məbləğlərini yenidən nəzərdən keçirməklə bütün təcili yardım xidmətləri göstərən subyektlər üçün bərabər şərait təmin etmək.
Komissiyanın qiymətləndirməsinə görə, bu cür yanaşmalar təkcə rəqabəti məhdudlaşdırmır, həm də özəl şirkətləri ciddi maliyyə problemləri, hətta müflisləşmə riski ilə üz-üzə qoya bilər.
Xatırladaq ki, hesabat mayın 19-da parlamentin iqtisadi məsələlər üzrə daimi komitəsinin iclasında təqdim olunacaq. Orada rəqabət, antiinhisar siyasəti və dövlət müdaxilələrinin səmərəliliyi məsələləri də müzakirə ediləcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az