Rusiyalı deputat: “Paşinyanın siyasəti erməni xalqı arasında parçalanma və xaos yaradır”

2026/05/1778679035.jpg
Oxunub: 387     17:28     13 May 2026    
“Nikol Paşinyanın həyata keçirdiyi siyasət Ermənistanda daxili gərginliyin kəskin artmasına və xalq üsyanlarına səbəb ola bilər”.

Ordu.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepan səsləndirib.

“Başa düşdüyüm qədərilə Paşinyan iki stulda oturmağa çalışır ki, müəyyən faydalar əldə etsin. Həm də çox güman ki, ölkə üçün deyil, məhz özü üçün. Ölkədə isə baş nazir qəribə addımları ilə yalnız parçalanma və xaos yaradır. Müxalifəti sıxışdırmağa çalışır, Katolikosla müharibəyə başlayıb”, - deyə Çepan “Parlamentskaya qazeta”ya bildirib.

Onun sözlərinə görə, son hadisələrdən biri Ermənistanın Avropa İttifaqına üzv olmağa hazır olduğu barədə bəyanatdır.

“Bağışlayın, amma bu sadəcə absurddur”, - deyə Çepan əlavə edib.

Deputat nümunə kimi Türkiyəni göstərib və bildirib ki, Ankara artıq 40 ildir Avropa İttifaqına üzv olmağa çalışır, lakin hətta Avropa İttifaqı ilə ortaq sərhədə malik olmasına baxmayaraq buna nail ola bilmir.

Onun sözlərinə görə, Ermənistanın isə ümumiyyətlə Avropa İttifaqı ilə ortaq sərhədi yoxdur.

Çepan vurğulayıb ki, hansısa “fantastik şəraitdə” belə bu üzvlüyün Ermənistan üçün hansı fayda verəcəyi tam aydın deyil.

“Ümumilikdə elə təəssürat yaranır ki, Paşinyan hər şeyə birdən çatmağa çalışır, həm NATO-da, həm KTMT-də, həm MDB-də, həm də Avropa İttifaqında olmaq istəyir. Amma bu, sadəcə mümkün deyil. Üstəlik, bu, bütün ölkə üçün ağır nəticələr doğuracaq”, - deyə parlamentari bildirib.

Onun fikrincə, bütün bunlar Paşinyanın müxtəlif ölkə liderlərini razı salmaqla müəyyən üstünlüklər əldə etməyə çalışdığını göstərir.

Deputat bunun bariz nümunəsi kimi ABŞ və Azərbaycanla Zəngəzur dəhlizinin yaradılması barədə razılaşmanı və onun dərhal “Tramp yolu” adlandırılması təklifini göstərib.

Çepanın fikrincə, Paşinyan müəyyən güzəştlərə tam şüurlu şəkildə gedir və bununla Ermənistana zərər vurur.

“Bu elə bir zərərdir ki, o bunu əvvəlcədən görməyə bilməzdi. Deməli, burada şəxsi, maliyyə, inzibati və ya başqa maraqlar var”, - deyə o bildirib.

Çepan əlavə edib ki, əsas problem “küçədən hakimiyyətə gələn adamın, əlində səsucaldanla gəzən həmin nümayişçinin indi bütün dünyada erməni xalqının sözçüsü olmağa çalışmasıdır”.

Onun sözlərinə görə, bu həm xarici, həm də daxili müstəvidə ciddi nəticələrə səbəb ola bilər.

“Ermənistanla Rusiya arasındakı münasibətlərə gəlincə isə düşünürəm ki, biz Ermənistan ərazisindəki hərbi bazamız barədə çox ciddi düşünməliyik. Eyni zamanda Ermənistan tərəfinə təqdim olunan bəzi tədarüklər barədə də”, - deyə siyasətçi vurğulayıb.

O xatırladıb ki, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır və buğda, alüminium, çörək, günəbaxan yağı, dərman və bir çox digər məhsulların idxalının əhəmiyyətli hissəsi məhz Rusiyanın payına düşür.

Daxili nəticələrdən danışan deputat bildirib ki, Paşinyan öz addımları ilə cəmiyyətdə gərginlik yaradır və təkcə kilsəyə qarşı hücumları belə həmin gərginliyin kəskin artması üçün kifayətdir.

“Ona görə də mümkündür ki, bu fəaliyyətin nəticəsi Paşinyanın vəzifədən uzaqlaşdırılması olsun. Həm də bu, daxili siyasi proseslərin nəticəsində deyil, sadəcə qəzəblənmiş və səbir kasası daşmış xalqın iradəsi ilə baş versin”, - deyə Çepan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin