Ermənistan KİV-i: Seçici hesabatlılıq: Mayın 28-də nəyi bilməyəcəyik?

2026/05/1778653612.jpg
Oxunub: 330     10:26     14 May 2026    
“Ermənistanın Birinci Respublikasının günü, mayın 28-də Nikol Paşinyan Ermənistan vətəndaşlarının diqqətini Respublika meydanına yönəldəcək. Burada silah nümayişi-hesabat tədbiri təşkil olunacaq”.

Ordu.az xəbər verir ki, Ermənistanın “168.am” nəşri “Seçici hesabatlılı: Mayın 28-də nəyi bilməyəcəyik?” başlıqlı məqaləsində bu barədə yazıb.

Məqalədə qeyd olunub ki, Paşinyan mayın 11-də seçki kampaniyası çərçivəsində jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, bütün vətəndaşlar mayın 28-də Respublika meydanında olmalı və son illərdə alınmış silahları öz gözləri ilə görərək hakimiyyətin yaratdığı “yeni məntiqə malik ordu”nu qeydə almalıdırlar.

Müəllif vurğulayıb ki, bunun məzmun baxımından nə ifadə etdiyi barədə dəfələrlə yazılıb və bu dəfə həmin məsələyə toxunulmur.

“Əlbəttə, ordunun döyüş qabiliyyətinin artırılmasına kömək edə biləcək istənilən silah alışı sevindiricidir. Başqa məsələ isə odur ki, hər alış kompleks hesablamaların nəticəsidirmi? Yəni uzunmüddətli perspektivdə gözlənilən təhdidlərə və çağırışlara qarşı müqavimət imkanları baxımındanmı qiymətləndirmələr aparılıb, yoxsa məqsəd müharibənin qarşısını almaqdır?” - deyə məqalədə bildirilib.

Nəşr qeyd edib ki, bir neçə gün əvvəl növbəti seçki görüşlərindən biri zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərlə söhbətində mayın 28-də keçiriləcək qeyri-klassik hərbi paradın sırf seçki tədbiri olması barədə suala da toxunub.

“Amma əgər bütün bunlar bizim gördüyümüz işlə bağlıdırsa və bu hansısa seçki prosesinə kömək edirsə, biz gördüyümüz işdən imtina etməliyikmi? Əlbəttə ki, etməyəcəyik. Son illərdə nə qədər iş görmüşüksə, o qədərini də göstərəcəyik, çünki bu hesabatdır. İndiyədək heç vaxt göstərmədiyimiz bütün silahları və hərbi texnikanı nümayiş etdirəcəyik. Baş nazir Paşinyanın idarəçiliyi dövründə alınmış, cəmiyyətə göstərmək imkanımız olmayan vasitələri nümayiş etdirəcəyik. Amma əsas hissə və böyük həcm 2022-2025-ci illərə aiddir”, - deyə müdafiə qurumunun rəhbəri bildirib.

Məqalədə qeyd olunub ki, bu o deməkdirmi ki, mayın 28-də 2022-ci ildən əvvəl alınmış silahlar da nümayiş etdiriləcək?

“Yaxud Hindistan və Fransa istehsalı olan silahlarla yanaşı, Rusiya istehsalı olan TOR-M2KM sistemləri də göstəriləcəkmi? Papikyanın rəhbərlik etdiyi qurum nəşrin sorğusuna cavab olaraq bu məlumatların dərc üçün nəzərdə tutulmadığını bildirib.

Lakin istisna deyil ki, həmin məlumatları, məsələn, hərbi paraddan əvvəl Nikol Paşinyanın özü vasitəsilə öyrənək. Məsələn, siyasi məqsədəuyğunluq baxımından hansısa görüntü və ya məlumat paylaşsın. Təcrübə bunu göstərir”, - deyə müəllif qeyd edib.

Nəşr vurğulayıb ki, dünən Nikol Paşinyan silah nümayişinin məşqlərindən qısa bir fraqment yayımlayıb.

“Həmin görüntülərdə Ermənistan istehsalı olan DEV-3 kəşfiyyat-zərbə pilotsuz uçuş aparatları təqdim olunub. Suren Papikyan isə parad məşqlərindən Fransa istehsalı olan CAESAR özüyeriyən artilleriya sistemlərinin görüntülərini ictimailəşdirib.

Hazırda Suren Papikyan və Ermənistan Müdafiə Nazirliyi jurnalistlərin hərbi parad məşqlərində iştirakını təmin etmək niyyətində deyil. Bundan əlavə, rəsmi seçki kampaniyasının başlamasından əvvəl müdafiə naziri ilə qapalı görüş də təşkil olunmayıb, halbuki Suren Papikyana verilməli olan çoxsaylı peşəkar suallar, o cümlədən silah alışları və hərbi paradla bağlı suallar var.

Bu səbəbdən də təbiidir ki, hərbi məsələlər ətrafında yalnız siyasi və daxili siyasi müzakirələr aparılır və bunun əsas müəllifi hakimiyyət, daha dəqiq desək, Nikol Paşinyandır. Ola bilsin ki, seçki dövründə onlara peşəkar təhlillər lazım deyil, yalnız yaxın ekspertlərin rəyləri və hərbi işdən uzaq sıravi vətəndaşların heyranlıq ifadələri kifayətdir”, - deyə məqalədə qeyd olunub.

Müəllif əlavə edib ki, nümayiş etdiriləcək silahlar arasında yaxşı alışlar da var, lakin bu, müdafiə qurumunun media ilə işində heç nəyi dəyişmir.

“Və nəzərə alsaq ki, mayın 28-də keçiriləcək tədbirin əsas qəhrəmanı ordu və hətta müdafiə naziri deyil, Nikol Paşinyanın özü olacaq, onda ola bilərmi ki, bütün bunların əsas qərarverəni də məhz Paşinyandır? Bu məsələdə nə dərəcədə haqlı və ya haqsız olduğumuz mayın 28-də Müdafiə Nazirliyində akkreditasiyadan keçmiş jurnalistlərin hərbi paradda iştirakının təmin olunması səviyyəsindən bəlli olacaq”, - deyə nəşr vurğulayıb.

Məqalədə qeyd olunub ki, ədalət naminə xatırlatmaq olar ki, bir neçə ay əvvəl Suren Papikyanın tapşırığı ilə media nümayəndələri üçün yerli istehsal və son illərdə alınmış silah nümunələrinin qapalı nümayişi təşkil edilmişdi, lakin görülənlər barədə yazmaq qadağan edilmişdi.

“Daha sonra isə Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisinin Ermənistana səfəri çərçivəsində Suren Papikyan Ermənistan və Hindistan istehsalı olan silah nümunələrini ictimailəşdirmək qərarına gəlmişdi.

Xüsusilə, general Anil Çauhana Ermənistan tərəfindən alınmış Hindistan silah nümunələri təqdim olunmuşdu. Bunlara “Akash-1S” zenit-raket sistemi, “Pinaka” yaylım atəşli reaktiv sistemi, 4×4 avtomobil şassisi üzərində yerləşdirilmiş “MarG” 155-BR/39 155 mm/39 özüyeriyən haubitsası, eləcə də Hindistanın L&T şirkəti tərəfindən KNDS “France” lisenziyası əsasında və xüsusi olaraq Ermənistan üçün istehsal edilmiş “Trajan” 155 mm yedəkdə daşınan haubitsaları daxil idi. Ermənistan bu sistemlərin ilk xarici istifadəçisi olub”, - deyə müəllif yazıb.

Nəşr qeyd edib ki, bundan dərhal sonra İsrailin “Globes” nəşri “Armenia unveils suicide drone resembling IAI’s Harop” başlıqlı məqalə yayımlayıb. Məqalədə Ermənistanın Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən hazırlanmış “Harop” kamikadze pilotsuz uçuş aparatının analoqunu təqdim etdiyi qeyd olunub və bunun Azərbaycanda narazılıq yaratdığı bildirilib.

“Eyni zamanda, “Globes” İsrail müdafiə sənayesindəki bir rəsmiyə istinadən iddia edib ki, pilotsuz uçuş aparatının istehsal texnologiyası Ermənistana Hindistandan çatıb. Çünki Baş nazir Narendra Modinin “Make in India” siyasəti çərçivəsində xarici şirkətlərdən istehsal xətlərini və texnoloji təcrübəni Hindistana ötürmək tələb olunur.

Və söhbət “Davaro” şirkətinin istehsal etdiyi “Dragonfly-3” kamikadze pilotsuz aparatından getdiyi üçün şirkət İsrail tərəfinin iddialarına cavab vermişdi”, - deyə məqalədə bildirilib.

Müəllif qeyd edib ki, bir neçə gün davam edən müzakirələrə yalnız daha sonra Azərbaycan tərəfi qoşulub və bunu kifayət qədər ehtiyatla edib. Qısa müddət sonra isə mövzu bağlanıb.

Nəşr daha sonra Paşinyan hakimiyyətinin hərbi nailiyyətlər məsələsində hesabatlılıq mövzusuna toxunub və qeyd edib ki, son aylarda bu barədə davamlı açıqlamalar verilir.

“Xüsusilə Suren Papikyan seçki görüşlərindən birində yenidən bildirib ki, 2018-ci illə müqayisədə müdafiə xərcləri 2025-ci ildə 1,1 milyard dollar daha çox olub və onlar müdafiə sahəsinin xərclərini 640 milyon dollardan 1 milyard 700 milyon dollara çatdırıblar. Yalnız son 3 ildə silahlanmaya 1998-2018-ci illərdəki 20 ildən 5,4 dəfə çox vəsait xərclənib”, - deyə o vurğulayıb.

Məqalədə xatırladılıb ki, daha əvvəl Nikol Paşinyan da bildirib ki, xarici borcun 8 milyard dollar artmasının səbəbi silah alınmasıdır.

“Lakin yazılı sorğular vasitəsilə Ermənistan Müdafiə Nazirliyindən yalnız silah alınması üçün dövlət borcunun nə qədər artdığını və ya 2022-ci ildən sonra yeni və müasir silahların alınmasına nə qədər vəsait xərcləndiyini öyrənməyə çalışdıqda, Suren Papikyan tələb olunan məlumatları təqdim etməkdən imtina etdi. Halbuki Paşinyan bir dəfə bəyan etmişdi ki, müxalifətə yeni alınmış silahları hətta qiymət etiketləri ilə birlikdə göstərə bilərlər.

“Borcla silah almısınızmı? Bəli, borcla silah almışıq. Niyə? Çünki çox lazım idi və dərhal lazım idi... İnanmırsınız? Sizin haqqınızdır. Deyirəm, gəlin aparaq göstərək, hətta qiymət etiketlərini də üstünə yapışdıraq ki, hansının nə qədər olduğunu görün”, - deyə Paşinyan ötən ilin payızında müxalifət deputatlarına müraciət etmişdi.

Belə çıxır ki, vətəndaşın hökumətin silahlanma üçün nə qədər borc götürdüyünü bilməyə haqqı yoxdur, halbuki həmin borcu məhz vətəndaş ödəyir və ödəyəcək. Necə bir hesabatlılıqdır bu?” - deyə məqalədə qeyd olunub.

Nəşr əlavə edib ki, Ermənistan Müdafiə Nazirliyi həmçinin 2018-ci il “inqilabı”ndan əvvəl Ermənistanın Rusiyadan başqa hansı ölkələrdən silah və hərbi texnika aldığını və konkret olaraq nə əldə etdiyini göstərən məlumatları da təqdim etməkdən imtina edib.

Məqalənin sonunda qeyd olunub ki, seçkilərə bir neçə gün qalmış, iyunun 3-4-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində əsasən son illərin yerli istehsal silah nümunələrinin təqdim olunacağı RISE sərgisi keçiriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin