Ordu.az xəbər verir ki, ölkə 2028-ci ilə qədər ən azı 12 müasir döyüş təyyarəsini inventarına daxil etməyi hədəfləyir.
Qərarın arxasında yaşlanan F-5 parkının əməliyyat səmərəliliyinin azalması, xidmət xərclərinin artması və müasir hava əməliyyatlarının tələblərini qarşılamaq baxımından yetərsiz qalması dayanır.
1980-ci illərdə təhvil verilən F-5E/F “Tiger II” platformaları təxminən qırx ildən artıq müddətdə Meksikanın hava döyüş gücünün əsas elementlərindən biri kimi xidmət edib. Lakin zaman keçdikcə bu platformalar əsasən hava patrulu və ələkeçirmə tapşırıqlarına yönəldilib.
Hazırkı vəziyyətdə donanmada olan təyyarələrdən yalnız 6-sının uçuşa yararlı olduğu qiymətləndirilir. Bu, Meksika Hərbi Hava Qüvvələrinin əməliyyat hazırlıq səviyyəsinə birbaşa təsir göstərir və hava müdafiə qabiliyyəti üzərində də ciddi təzyiq yaradır.
Xüsusilə köhnələn gövdələr, ehtiyat hissələrinin təminatında yaşanan çətinliklər və artan texniki xidmət ehtiyacı F-5 donanmasının davamlılığını getdikcə çətinləşdirir.
Meksika Hərbi Hava Qüvvələri Komandanı general Roman Karmona Landa yeni döyüş təyyarəsi proqramının rəsmən başladıldığını açıqlayıb.
General Landa mövcud F-5 parkının artıq köhnə texnologiyaya çevrildiyini bildirərək, qısa və orta müddətdə yeni platformalara keçməyi hədəflədiklərini deyib.
Dörd namizəd platforma önə çıxır
Meksikanın qiymətləndirdiyi namizəd platformalar arasında “Lockheed Martin” istehsalı F-16 “Block 70/72 Viper” qırıcı təyyarəsi, “Saab” tərəfindən hazırlanmış JAS-39 “Gripen E/F”, “Korea Aerospace Industries” istehsalı FA-50 yüngül hücum təyyarəsi və “Leonardo” imzalı M-346FA döyüş təyyarəsi var.
Həmin platformalar əməliyyat xərci, xidmət infrastrukturu, tapşırıq müxtəlifliyi, təhvil qrafiki və uzunmüddətli logistika davamlılığı kimi meyarlar əsasında araşdırılır.
Xüsusilə F-16 “Block 70/72”nin favorit namizəd kimi önə çıxdığı bildirilir. Meksikanın 2026-cı ilin yanvarında ABŞ-nin Lockheed Martin şirkətindən C-130J Hercules sifarişi verməsi Meksika ilə ABŞ arasında müdafiə sənayesi əlaqələrinin yenidən canlandığı kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az