“Rheinmetall” və “Deutsche Telekom” strateji müdafiə ittifaqı yaradır

2026/05/1778604931.jpg
Oxunub: 438     20:44     12 May 2026    
Alman müdafiə şirkəti “Rheinmetall” ilə “Deutsche Telekom” mülki hədəflərə yönəlmiş mümkün pilotsuz uçuş aparatı hücumlarına qarşı birgə müdafiə sistemi hazırlayacaqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Rheinmetall” tərəfindən verilən açıqlamada hazırlanacaq sistemin yalnız fiziki təhdidləri deyil, həm də kiber hücumlara qarşı görüləcək tədbirləri əhatə edəcəyi bildirilib.

Müdafiə mexanizmində ənənəvi zenit toplarının yerinə bozucu siqnallar, önləyici pilotsuz uçuş aparatları və sonrakı mərhələlərdə lazer sistemləri kimi rəqəmsal texnologiyalardan istifadə olunacağı qeyd edilən açıqlamada “Deutsche Telekom”un mobil şəbəkə, bulud hesablama və məlumat analizi sahəsindəki təcrübəsini təmin edəcəyi, “Rheinmetall”in isə sensor sistemləri, effektorlar və avtonom sistemlərin idarə olunmasına cavabdeh olacağı bildirilib.

“Deutsche Telekom” hazırda baza stansiyalarına quraşdırıla bilən xüsusi sensorlar vasitəsilə uzaqdan idarəetmə siqnallarını izləyərək pilotsuz uçuş aparatlarının mövqeyini müəyyən edə bilir. Həmin texnologiya son olaraq 2024 Avropa Futbol Çempionatı (EURO 2024) zamanı təhlükəsizliyi təmin etmək məqsədilə uğurla istifadə olunmuşdu.

Açıqlamada layihə ilə “enerji stansiyaları, logistika mərkəzləri və strateji dövlət obyektləri kimi mülki tikililəri müasir hava təhdidlərinə qarşı qorumaq” məqsədi güdüldüyü vurğulanıb.

Əməkdaşlığa dair digər texniki detalların yaxın vaxtlarda ictimaiyyətlə paylaşılması gözlənilir.

“Halkın təhlükəsizlik narahatlıqlarını azaltmağa töhfə veririk”

“Rheinmetall”in baş icraçı direktoru Armin Papperger məsələyə münasibət bildirərək pilotsuz uçuş aparatlarının yaratdığı təhlükənin artıq yüksək dərəcədə rəqəmsal olduğunu qeyd edib: “Bu səbəbdən effektiv müdafiə sensorların, effektorların və təhlükəsiz rabitə şəbəkələrinin qüsursuz birləşməsini tələb edir”.

“Deutsche Telekom”un baş icraçı direktoru Tim Höttges isə suverenliyin konkret addımlarla formalaşdığını bildirərək deyib: “Konnektivlik və məlumat analizi gücümüzlə pilotsuz uçuş aparatı müdafiəsini yeni bir səviyyəyə daşıyırıq. “Rheinmetall” ilə birlikdə xalqın təhlükəsizlik narahatlıqlarını azaltmağa töhfə veririk”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Deutsche-Telekom  


Bizi "telegram"da izləyin