Ordu.az xəbər verir ki, Rumıniya Prezidentliyinin himayəsi altında keçirilən BSDA 2026 mayın 12-si çərşənbə günü ROMAERO-da başlayacaq.
Sərgiyə yüzlərlə müdafiə sənayesi şirkətinin, hərbi rəsmilərin və beynəlxalq nümayəndə heyətlərinin qatılması və 20 illik tarixinin ən böyük tədbiri olması gözlənilir.
Tədbir Rusiya-Ukrayna müharibəsi və regiondakı təhlükəsizlik narahatlıqlarının təsiri ilə Avropanın müdafiə xərclərini və hərbi modernizasiya proqramlarını sürətləndirdiyi bir dövrdə keçirilir.
BSDA tərəfindən verilən məlumata görə, bu ilki sərgidə 36 ölkədən 650-dən çox şirkət, 7 milli pavilyon, 350-dən çox rumın və xarici rəsmi iştirak edəcək. Üç gün davam edəcək tədbir boyunca təxminən 30 min ziyarətçinin sərgini ziyarət edəcəyi gözlənilir.
Regionun müxtəlif yerlərindən yüksək səviyyəli siyasi və hərbi nümayəndələrin də sərgiyə qatılması nəzərdə tutulur. Müdafiə nazirləri, Baş Qərargah rəisləri, səfirlər, parlament üzvləri və NATO müttəfiqləri ilə tərəfdaş ölkələrdən nümayəndə heyətlərinin Buxarestdə toplaşması gözlənilir.
BSDA 2026-da insansız sistemlər, antidron texnologiyaları və süni zəka tətbiqləri sərginin əsas gündəm mövzuları arasında yer alacaq. Bu sahələrdə xüsusilə Ukraynadakı müharibə meydanından çıxarılan dərslərin ön plana çıxması gözlənilir.
Təşkilatçılar sərgidə 100-dən çox şirkətin pilotsuz uçuş aparatları və əlaqəli texnologiyaları nümayiş etdirəcəyini bildiriblər.
Böyük müdafiə şirkətləri sərgidə
Sərgiyə qatılacaq beynəlxalq müdafiə sənayesi şirkətləri arasında “Lockheed Martin”, “Hanwha Aerospace”, “Raytheon”, “Otokar”, “Leonardo”, “Rafael Advanced Defense Systems”, ASFAT, “General Dynamics”, “L3Harris Technologies”, “Elbit Systems”, “Thales”, “Damen”, “Hyundai Rotem”, MBDA, “BAE Systems”, “Diehl Defence” və “Airbus” yer alır.
F-35 “Lightning II” qırıcısının tamölçülü modeli də sərgidə nümayiş etdiriləcək. Bu model Rumıniyanın planlaşdırdığı 32 ədəd F-35 təhvil proqramı çərçivəsində “Lockheed Martin” tərəfindən gətiriləcək.
BSDA 2026-nın ilk iki günü yalnız rəsmi nümayəndə heyətlərinə, hərbi təmsilçilərə və iş dünyası ziyarətçilərinə açıq olacaq. Sərgidəki açıq hava ekspozisiya bölməsi isə cümə günü ictimaiyyətin üzünə açılacaq.
Sevinc Əliyeva
Ordu.az