Ordu.az xəbər verir ki, pilotsuz uçuş aparatlarından biri çoxmərtəbəli yaşayış binasına çırpılıb.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Zərbə nəticəsində binanın bir neçə mənzili və dam örtüyü zədələnib. Çoxmərtəbəli binanın bütün sakinləri təxliyə edilərək hotelə yerləşdirilib.
Vilayət rəhbəri vurğulayıb ki, Orenburq, Orsk və Yasnı şəhərlərində pilotsuz uçuş aparatlarının hücum təhlükəsi hələ də qalır.
“Astra”nın yaydığı foto və videogörüntülərin təhlilinə əsasən, pilotsuz uçuş aparatı Volqoqradskaya küçəsi 42 ünvanında yerləşən yaşayış binasına çırpılıb. Pilotsuz uçuş aparatı şimal-qərb istiqamətindən düz trayektoriya ilə hərəkət edib, lakin son anda şərqə doğru istiqamətini dəyişib.
“Astra”nın məlumatına görə, bu hal radioelektron mübarizə vasitələrinin fəaliyyəti ilə bağlı ola bilər. Pilotsuz uçuş aparatının ilkin hədəfi zədələnmiş binadan 4 km məsafədə yerləşən “Strela” İstehsalat Birliyi ola bilərdi.
Bu müəssisə Rusiyanın hərbi-sənaye kompleksinin aparıcı müəssisələrindən biridir və “Taktiki Raket Silahları” Korporasiyasının tərkibinə daxildir. Müəssisə əsasən P-800 “Oniks” (Yaxont) ailəsinə aid səsdən sürətli gəmi əleyhinə qanadlı raketlərin seriyalı istehsalı, həmçinin “Vulkan”, “Bazalt”, “Malaxit” və “BrahMos” raketləri üçün komponentlərin istehsalı üzrə ixtisaslaşıb.
Bundan əlavə, zavod “Su-30”, “Su-34”, “Su-35” və “MiQ” qırıcıları üçün müxtəlif komponentlər istehsal edir.
Bundan əvvəl Ukraynanın pilotsuz uçuş aparatları Orenburq vilayətinə aprelin 29-da da hücum etmişdi. Həmin vaxt regionun ən iri müəssisələrindən olan “Orsknefteorqsintez” (OrskNOS) neft emalı zavodu hücuma məruz qalmışdı.
Müəssisənin illik istehsal gücü təxminən 5,8 milyon ton təşkil edir. Zavod benzin, dizel yanacağı, mazut və digər neft məhsulları istehsal edir.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə Orenburq vilayətinin səmasında pilotsuz uçuş aparatlarının vurulması barədə ötən ilin dekabrın 25-də məlumat vermişdi. Həmin vaxt hava hücumundan müdafiə qüvvələri altı pilotsuz uçuş aparatını məhv etmişdi.
Sevinc Əliyeva
Ordu.az