Suriya İsraillə “sakit və sabit” münasibətlər qurmağa ümid edir

2026/05/1778594151.jpg
Oxunub: 351     17:55     12 May 2026    
Suriya hakimiyyəti İsrail tərəfindən səsləndirilən təhdidlərə baxmayaraq, bu ölkə ilə “sakit və sabit” münasibətlər qurmağa ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə ərəb respublikasının xarici işlər naziri Əsəd əş-Şeybani açıqlama verib.

“Son ilyarım ərzində İsrail tərəfindən səsləndirilən təhdidlərlə üzləşirik. Biz İsraillə sakit və sabit münasibətlər qurmaq istəyirik, çünki Suriyanın bərpasına və suriyalıların geri qayıtması üçün təhlükəsiz mühitin yaradılmasına diqqət yetirmək istəyirik”, - deyə o, BƏƏ-nin “The National” qəzetinin müxbirinin sualını cavablandırarkən bildirib.

Nazir əlavə edib ki, ABŞ vasitəçiliyi ilə aparılan danışıqlarda ciddi nəticələrin olmamasına baxmayaraq, İsraillə münasibətlərin qurulacağına ümid edir.

Suriya XİN rəhbəri həmçinin 1974-cü ildən etibarən iki ölkə sərhədində BMT himayəsi altında fəaliyyət göstərən missiyanın yenidən bərpa olunmasına çağırış edib.

Bundan əvvəl Suriya Prezidenti Əhməd əş-Şaraa da İsraillə münasibətlərin normallaşdırılması və təhlükəsizlik sazişinin imzalanması ilə bağlı danışıqların dalana dirənmədiyini, lakin çox çətin getdiyini etiraf etmişdi.

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxış edən Suriya xarici işlər naziri bildirib ki, işğalçı qüvvələrin fasiləsiz hücumları suriyalıların həyatını təhlükə altına qoyur və bölgədəki vəziyyəti sabitsizləşdirir. Onun sözlərinə görə, Dəməşq İsrailin hərəkətlərini baş vermiş fakt kimi qəbul edə bilməz.

2025-ci ilin iyulunda Suriyanın Əs-Süveyda vilayətində Suriya silahlı qruplaşmaları ilə dağlıq ərazilərdə yaşayan druzların özünümüdafiə qüvvələri arasında toqquşmalar baş verib. İsrail münaqişəyə müdaxilə edərək Əs-Süveydəyə doğru hərəkət edən Suriya silahlı qüvvələrinə zərbələr endirib.

Bununla yanaşı, İsrail Suriyanın paytaxtında yerləşən bir sıra strateji obyektlərə də zərbələr endirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail  


Bizi "telegram"da izləyin