Almaniya HX-2 kamikadze PUA-sını dəniz platformalarına inteqrasiya edir

2026/05/HICvg-1778593169.jpg
Oxunub: 367     17:36     12 May 2026    
Almaniyada yerləşən müdafiə şirkəti “Helsing” tərəfindən hazırlanan və Ukrayna tərəfindən fəal şəkildə istifadə edilən HX-2 hücum pilotsuz uçuş aparatı dəniz platformalarından yerləşdirilə biləcək şəkildə uyğunlaşdırılıb.

Ordu.az xəbər verir ki, “Helsing” şirkəti HX-2-nin sahil platformasından ilk uğurlu buraxılış sınağını həyata keçirdiyini açıqlayıb.

Sınaqların şirkətin dənizçilik fəaliyyətlərinin mərkəzi olan Plimut yaxınlığında yüksək sürətli desant qayığı üzərindən aparıldığı bildirilib.

HX-2 pilotsuz uçuş aparatı qayığın burun hissəsinə yerləşdirilən katapult sistemi vasitəsilə havaya qalxıb. Həyata keçirilən bu sınaqların gələcəkdə HX-2-nin insansız dəniz platformalarından da istifadə edilə bilməsinin yolunu aça biləcəyi qiymətləndirilir.

Ukrayna cəbhəsində fəal istifadə olunur

2025-ci ildə yayımlanan məlumatlarda Helsing-in Ukrayna üçün ümumilikdə 6 min ədəd HX-2 kamikadze pilotsuz uçuş aparatı istehsal edəcəyi qeyd olunmuşdu.

Şirkət tərəfindən hazırlanan HX-2 kamikadze pilotsuz uçuş aparatlarının hazırda bəzi cəbhə xətlərində Rusiya işğalçı qüvvələrinə qarşı istifadə edildiyi bildirilir.

“X” formalı qanad və quyruq dizaynına malik olan HX-2 ilk dəfə 2024-cü ilin sonlarında təqdim olunub. Sistem zirehli maşınlar, artilleriya sistemləri və mühəndislik qurğuları daxil olmaqla müxtəlif hərbi hədəflərə qarşı istifadə olunmaq üçün hazırlanıb.

2026-cı ilin mayında keçirilən sınaqlarda HX-2-nin hədəfə kilidlənmə qabiliyyətini uğurla nümayiş etdirdiyi qeyd olunub.

Süni zəka dəstəkli sürü qabiliyyəti

12 kiloqram ağırlığındakı HX-2 quyruq hissəsində yerləşən dörd elektrik mühərriki ilə işləyir və maksimal 220 km/saat sürətə çatır.

“Helsing”in paylaşdığı məlumatlara görə, kamikadze pilotsuz uçuş aparatının əməliyyat mənzili 100 kilometrə qədər uzanır. Açıqlanan ümumi çəki sistemin bir neçə kiloqramlıq döyüş başlığı daşıdığına işarə edir.

Süni zəka dəstəkli memarlığa malik olan HX-2-nin radioelektron mübarizə təhdidlərinə qarşı yüksək səviyyədə avtonom hərəkət qabiliyyəti təqdim etdiyi bildirilir. Həmçinin bir neçə HX-2 pilotsuz uçuş aparatının eyni anda sürü konsepsiyası ilə tapşırıq icra edə bildiyi və koordinasiyalı hücumlar həyata keçirə bildiyi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Helsing   PUA  


Bizi "telegram"da izləyin