“Calcalist”: ABŞ HHQ-nin təyyarələri Ben-Qurion hava limanının fəaliyyətinə mane olur

2026/05/1778585836.jpg
Oxunub: 392     15:29     12 May 2026    
ABŞ hərbi təyyarələrinin kütləvi mövcudluğu İsrailin əsas beynəlxalq hava limanı olan Ben-Qurionun tam fəaliyyət göstərməsinə mane olur.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Mülki Aviasiya İdarəsinin direktoru Şmuel Zakay xəbərdarlıq edib.

“Calcalist” qəzetinin məlumatına görə, Zakay İsrailin nəqliyyat naziri Miri Regevə məktub göndərərək Ben-Qurion hava limanında ABŞ təyyarələrinin çoxluq təşkil etdiyini bildirib və bunun İsrail aviaşirkətlərinin fəaliyyətinə və ölkənin aviasiya sektoruna ciddi zərər vurduğunu qeyd edib.

Onun fikrincə, Ben-Qurion hava limanının ABŞ hərbi bazasına çevrilməsi xarici aviaşirkətlərin fəaliyyətinə mane olur.

“Calcalist” qeyd edir ki, fevralın 28-də İrana qarşı başladılan “Aslanın nəriltisi” əməliyyatının əvvəlində İsrail aviaşirkətləri öz təyyarələrini təxliyə ediblər və onların hamısı hələ də İsrailə qayıtmayıb.

“Belə təəssürat yaranır ki, Müdafiə Nazirliyi mülki aviasiyaya vurulan zərərin ciddiliyini və uçuşların sayının onların qiymətlərinə təsirini dərk etmir. Müdafiə qurumu Nəqliyyat Nazirliyinin öz rolunu və vəzifələrini yerinə yetirməsinə mane olur. Mövcud vəziyyətdə İsrailin effektiv fəaliyyət göstərə bilən beynəlxalq hava limanı yoxdur, Ben-Qurion isə məhdud mülki fəaliyyətə malik hərbi poliqona çevrilib”, - deyə Zakay Regevə ünvanladığı məktubda yazıb.

Bundan əlavə, Mülki Aviasiya İdarəsinin direktoru İsrailin nəqliyyat nazirindən “ABŞ təyyarələrinin Ben-Qurion beynəlxalq hava limanından hərbi hava limanlarına köçürülməsi üçün tədbirlər görülməsini” xahiş edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   İsrail  


Bizi "telegram"da izləyin