Ukrayna Rusiyaya “hava limanı atəşkəsi” təklif etməyi planlaşdırır

2026/05/1778581247.jpg
Oxunub: 396     14:10     12 May 2026    
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqına Rusiya ilə hava limanlarına zərbə endirilməsindən qarşılıqlı imtina ilə bağlı razılığın əldə olunması üçün danışıqlarda kömək etməyi təklif edib.

Ordu.az “Politico” nəşrinə istinadən xəbər verir, Sibiqa bu ideyanı Brüsseldə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı səsləndirib.

O bildirib ki, ABŞ-nin himayəsi altında davam edən diplomatik proses ləngiyib və Vladimir Putin genişmiqyaslı sülh sazişinə hazır olduğunu nümayiş etdirmir. Nazir qeyd edib ki, bu səbəbdən Kiyevə danışıqlarda “yəqin ki, Avropanın köməyi lazımdır”.

“Bəlkə də biz “hava limanı atəşkəsi” adlandırılan razılaşmaya nail olmağa çalışacağıq”, - deyə Ukrayna XİN rəhbəri bildirib.

O aydınlaşdırıb ki, söhbət hava limanlarına zərbələrin qarşılıqlı şəkildə dayandırılmasından gedir.

Sibiqanın fikrincə, Rusiya belə bir razılaşmada maraqlı ola bilər, çünki pilotsuz uçuş aparatlarının hücumları səbəbindən iri Rusiya hava limanları getdikcə daha tez-tez fəaliyyətini dayandırmağa məcbur olur.

Nazir qeyd edib ki, avropalı tərəfdaşlar ayrıca platforma və ya xüsusi işçi qrupu yarada və bu formatı müzakirə edə bilərlər. O əlavə edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski artıq bu ideyanı bəzi Avropa liderləri ilə müzakirə edib.

Eyni zamanda Sibiqa vurğulayıb ki, Ukrayna danışıqlarda ABŞ-ni Avropa ilə əvəz etməyi təklif etmir.

“Bu, əlavə istiqamət olmalıdır, əvəzedici və ya alternativ variant deyil”, - deyə diplomatik qurumun rəhbəri bildirib.

Ukrayna 2022-ci il fevralın 24-dən etibarən, genişmiqyaslı işğal başlayandan dərhal sonra mülki aviasiya üçün hava məkanını rəsmi şəkildə bağlayıb. Həmin vaxtdan etibarən ölkədə müntəzəm sərnişin daşımaları həyata keçirilmir.

Rusiyada isə pilotsuz uçuş aparatlarının hücumları səbəbindən hava limanları mütəmadi olaraq fəaliyyətini dayandırır ki, bu da bəzən nəqliyyat böhranına səbəb olur.

Belə ki, “Kommersant” qəzetinin “AlfaSığorta”nın hesablamalarına əsasən yaydığı məlumata görə, 2025-ci ildə 4,5 milyondan çox Rusiya vətəndaşı uçuşların üç saat və daha çox gecikməsi ilə üzləşib. Əsas səbəb pilotsuz uçuş aparatları təhlükəsi səbəbindən uçuş məhdudiyyətlərinin tətbiq edilməsidir.

Təkcə ötən ilin iyulun 5-i və 6-sı Rusiya hava limanlarının fəaliyyətində baş verən pozuntular zamanı bir neçə yüz reys ləğv olunub, təxminən 2 min reys isə təxirə salınıb. Bu vəziyyət aviaşirkətlərə təxminən 20 milyard rubla başa gələ bilərdi.

Bu ilin mayında isə Moskva hava limanlarında cəmi bir neçə gün ərzində pilotsuz uçuş aparatlarının hücumları səbəbindən təxminən 3 min reys təxirə salınıb və ya ləğv edilib, sərnişinlər isə günlərlə terminallarda yaşamağa məcbur qalıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin