Malayziyaya PUA və İDP ilə təchiz edilmiş gəmi satmaq: DESAN

2026/05/photo-1778578306.jpg
Oxunub: 557     13:25     12 May 2026    
Malayziya sahil mühafizəsi üçün həyata keçirilən MPMS proqramı güclənərək davam edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defenceturk.net” nəşri yazıb.

Nəşr qeyd edib ki, Türkiyədə DESAN əsas podratçılığı ilə Malayziya Sahil Mühafizəsi üçün gəmilər inşa edilir.

“Layihə ilə bağlı DESAN rəsmisi ilə apardığım görüşdə həm türk dənizçiliyi, həm də malayziyalı dostlarım üçün çox dəyərli məlumatlar almaq imkanı əldə etdim. İlk növbədə malayziyalı dostlarımı sevindirəcək inkişaflardan danışım.

DESAN tərəfindən hazırda Türkiyədə MPMS çərçivəsində iki gəminin inşası davam edərkən, əlavə olaraq Malayziyada da gəmiqayırma zavodu yatırımı həyata keçirilir. İlk növbədə yaxın keçmişdə ictimaiyyətə yansıyan bir məlumatla başlayacağam: Malayziya Sahil Mühafizəsi üçün inşa edilən MPMS/ADKG proqramında müqavilələr gəmi-gəmi irəliləyir. Buna görə vahid başına təchizat xərcləri də xeyli fərqlənir. MPMS-1 təchizat dəyəri 68,8 milyon ABŞ dolları, MPMS-2 təchizat dəyəri isə 83,75 milyon ABŞ dolları kimi göstərildi. Fərqin səbəbi kimi artan inflyasiya, işçilik xərcləri və əlavə sistemlər göstərildi. Hazırda hər iki MPMS gəmisinin təhvil qrafiki təxminən bir ay öndən irəliləyir. İlk MPMS-1 2027-ci ilin martında Malayziyaya təhvil veriləcək. MPMS-2 isə 2028-ci ilin yanvarında təhvil ediləcək.

Bəs əlavə sistemlərə nələr daxildir? MPMS-1 gəmisində gəmi əsaslı iki ədəd pilotsuz uçuş aparatının istifadəsi planlaşdırılır. MPMS-2 layihəsi çərçivəsində isə gəmi əsaslı iki pilotsuz uçuş aparatı ilə yanaşı, iki ədəd insansız dəniz platformasının tətbiqi də nəzərdə tutulur. DESAN tərəfindən təklif olunan bu həllər müasir və dinamik döyüş şəraitinin tələblərinə uyğun olaraq, Malayziya Sahil Mühafizəsi bölmələrinə optimal imkanlar qazandırmağı hədəfləyir”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, DESAN-ın Malayziyada tərəfdaşlıq əsasında inşasına başladığı gəmiqayırma zavodunun isə 2027-ci ilin sonunadək tamamlanması və istifadəyə hazır olması planlaşdırılır.

“DESAN təkcə məhsul deyil, həm də imkan transferi ilə Malayziyada məhz Türkiyənin “qazan-qazan” yanaşmasını nümayiş etdirərək mühüm oyunçulardan biri kimi mövqe tutur. Türk dənizçiliyi üçün gözəl inkişaf isə buradan başlayır: DESAN-ın fəaliyyətindən duyulan məmnunluq onun yeni layihələrə “dəvət” edilməsini təmin edir. Gələcəkdə DESAN-ın həm Malayziyada, həm də region bazarında daha aktiv olduğunu görəcəyik. Yaxşı xəbərlər vaxtı gələndə açıqlanır.

DESAN Malayziyada tərif almışdı

Məsələ ilə bağlı Malayziya Daxili İşlər naziri Saifuddin Nasution Bin İsmail açıqlamasında belə deyib: “İlk MPMS-in inşa irəliləyişi 70 faizə çatıb və planlaşdırılandan daha sürətlə gedir. Bu, ölkənin strateji layihələrinin icrasında səmərəliliyin sübutudur”. DESAN tərəfindən prosesin planlı qrafikdən qabaqda aparılmasından Malayziya rəsmilərinin məmnun qaldığı görünür.

Burada digər tərif də malayziyalı dostlarımdan gəlir: “Biz bunu yerli gəmiqayırma zavodunda etsəydik, indiyə qədər eyni pulu alıb işin ancaq 7 faizini görmüş olardılar. Türkləri təbrik edirik”.

MPMS proqramında birinci gəminin inşası davam edərkən ikinci gəminin inşasına da 2 ay əvvəl başlanıb. Əsas vacib məqam isə odur ki, Malayziyanın təchizatının 4-dən 8-ə qədər yenidən baxıla biləcəyi ilə bağlı fikirlər mövcuddur.

İkinci gəminin təməlqoyma mərasimi

Malayziya Sahil Mühafizəsi üçün həyata keçirilən MPMS proqramındakı ikinci gəminin təməlqoyma mərasimi 2026-cı ilin fevralında DESAN gəmiqayırma zavodlarında keçirilib”, - deyə müəllif vurğulayıb.

Nəşr yazıb ki, telekonfrans vasitəsilə keçirilən mərasimdə Malayziya Dənizçilik Tətbiq Agentliyində fəaliyyət göstərən yüksək vəzifəli şəxslər, Malayziya Daxili İşlər Nazirliyinin Təchizat Bölməsi nümayəndələri və MPMS Layihə Qrupu iştirak edib.

“Açılış çıxışını Malayziya Dənizçilik Baş Müdiri adından iştirak edən Malayziya Dəniz Mühəndisliyi Bölməsi direktoru briqada admiralı Mohd Rizal bin Hishamuddin edib. Hishamuddin çıxışında sözügedən gəminin inşasının həyata keçirilməsində bütün tərəflərin göstərdiyi qətiyyətli və davamlı bağlılıqdan məmnunluğunu bildirərək təşəkkür edib”, - deyə məqalədə bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Türkiyə   DESAN  


Bizi "telegram"da izləyin