CNN: Tramp İranla danışıqlardan məyusdur və müharibəni yenidən başlatmağa hazırlaşır

2026/05/1778574054.jpg
Oxunub: 406     12:11     12 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlardan getdikcə daha çox məyus olur və genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə CNN-ə məlumatlı mənbələr bildirib.

Onların sözlərinə görə, Ağ Ev rəhbərinin “səbr kasası” Hörmüz boğazının davam edən blokadası və İran rəhbərliyindəki guya mövcud parçalanma səbəbindən dolur. Trampın fikrincə, bu, Tehranın nüvə məsələlərində güzəştə getməsinə mane olur.

Telekanalın həmsöhbətləri bildiriblər ki, Trampın “qəbuledilməz” və “mənasız” adlandırdığı İranın son təklifi Ağ Evdə İran tərəfinin danışıqlara ciddi yanaşmağa hazır olub-olmaması barədə şübhələr yaradıb.

Eyni zamanda, CNN mənbələri prezident administrasiyasında münaqişənin davam etdirilməsi ilə bağlı fikirlərin fərqli olduğunu qeyd ediblər. Xüsusilə, Pentaqon İranı danışıqlar masasına qaytarmaq üçün daha sərt yanaşmanı dəstəkləyir. Hərbçilər yeni zərbələr vasitəsilə iranlıların mövqelərini daha da zəiflətməyi təklif edirlər. Administrasiyanın digər nümayəndələri isə hələ də diplomatiyaya şans verilməsinin tərəfdarıdır. Bundan başqa, Trampın ətrafındakı bir çox şəxslər pakistanlı vasitəçilərin iranlılarla ünsiyyətdə daha səmimi və birbaşa olmasını istəyir. Bəzi amerikalı məmurlar isə pakistanlıların prezidentin narazılığını danışıqlar prosesindən həmin ton və vurğularla çatdırıb-çatdırmadığına şübhə edirlər. Onlar həmçinin düşünürlər ki, Pakistan ABŞ-yə İran tərəfinin mövqeyinin “daha optimist versiyasını” təqdim edir.

Mayın 11-də Tramp Ağ Evdə milli təhlükəsizlik komandası ilə növbəti görüş keçirərək İran əleyhinə gələcək addımları müzakirə edib. Ağ Ev rəhbəri bəyan edib ki, aprelin 7-də elan etdiyi atəşkəs Tehran tərəfindən göndərilən cavab nəzərə alınarsa, “saç telindən asılı vəziyyətdədir”. “Bizə göndərdikləri cəfəngiyyatı oxuyanda bunun indiyədək gördüyüm ən zəif təklif olduğunu düşündüm. Mən onu hətta axıradək oxumadım”, - deyə Tramp bildirib. Bununla belə, CNN mənbələri qeyd edib ki, qarşıdurmanın növbəti mərhələsi ilə bağlı qərarın prezidentin mayın 13-15-də planlaşdırılan səfərindən əvvəl qəbul olunacağı az ehtimal edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin