Ordu.az xəbər verir ki, bu barədə bazar ertəsi “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“Prezident Tramp bazar ertəsi milli təhlükəsizlik komandası ilə görüşəcək və İranla müharibədə növbəti addımları müzakirə edəcək. Müzakirə olunan variantlardan biri hərbi əməliyyatların mümkün bərpasıdır”, - deyə portal üç amerikalı rəsmiyə istinadən yazır.
Onların sözlərinə görə, ABŞ Prezidenti hələ də münaqişəni başa çatdırmağa imkan verəcək razılaşmaya nail olmaq istəyir, lakin İran tərəfinin mövqeyi vəziyyəti çətinləşdirir.
Nəşrdə qeyd olunur ki, Trampın nəzərdən keçirdiyi variantlar arasında Hörmüz boğazında gəmilərin müşayiəti üçün “Azadlıq” layihəsinin bərpası, eləcə də İranın bombardman edilməsinin yenidən başlanması var.
Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, ABŞ Prezidentinin müşaviri Stiv Uitkof, dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff iştirak edəcəklər.
“Axios” xatırladır ki, son günlər Tramp danışıqlar uğursuz olacağı təqdirdə İranın infrastruktur obyektlərinə mümkün zərbələr barədə bir neçə dəfə danışıb.
Sevinc Əliyeva
Ordu.az