Ordu.az xəbər verir ki, hazırda həmin vergi hər qallon (4,5 litr) üçün 18 sent təşkil edir.
Qərarın ABŞ-də yanacaq qiymətlərinin İranla müharibə nəticəsində kəskin artması fonunda verildiyi bildirilib.
Verginin ləğvi və ya azaldılması üçün Respublikaçılar Partiyasının nəzarətində olan Konqresin müvafiq qanun qəbul etməsi tələb olunur.
“Bəli, mən onu azaltmağa hazırlaşıram”, - deyə Tramp jurnalistlərin verginin mümkün dayandırılması ilə bağlı sualını cavablandırarkən bildirib.
Bu tədbirin nə qədər davam edəcəyi ilə bağlı suala isə ABŞ Prezidenti belə cavab verib: “Bu, məqsədəuyğun olana qədər”.
Missuri ştatından olan respublikaçı senator Coş Houli “X” sosial şəbəkəsində bazar ertəsi benzin vergisinin dayandırılması ilə bağlı qanun layihəsi təqdim edəcəyini bildirib.
Qeyd olunub ki, hələ mart ayında bəzi demokratlar, o cümlədən senator Mark Kelli oktyabr ayına qədər verginin dondurulmasını təklif etmişdilər.
Benzinə tətbiq olunan federal vergi aylıq təxminən 2,5 milyard dollar gəlir gətirir və bu vəsait yol fonduna yönəldilir. Fondun kəsiri səbəbindən 2008-ci ildən etibarən yolların təmiri xərclərini qarşılamaq üçün ümumi büdcədən artıq 275 milyard dollar ayrılıb.
Yanacaq qiymətləri fevralın 28-də İranda müharibənin başlamasından etibarən davamlı şəkildə artır. AAA avtomobil klubunun məlumatına görə, bazar ertəsi ABŞ-də bir qallon benzinin orta qiyməti 4,52 dollara çatıb. Bu, 2022-ci ildən etibarən ən yüksək göstəricidir. Həmin vaxt maksimum qiymət 5,01 dollar olmuşdu.
Yanacaq qiymətlərinin artması ərzaq və digər məhsulların da bahalaşmasına səbəb olur ki, bu da noyabr ayında keçiriləcək Konqres seçkiləri öncəsi Tramp və respublikaçılar üçün siyasi risk yaradır.
Tramp etiraf edib ki, bu vergi benzinin ümumi qiymətində kiçik paya malikdir, lakin əlavə edib: “Bununla belə, bu da puldur”.
Sevinc Əliyeva
Ordu.az