Belçika Ukraynaya vəd edilmiş bütün F-16 qırıcılarının 2029-cu ilin sonunadək təhvil verilməsini planlaşdırır

2026/05/belce-1778523428.jpg
Oxunub: 566     22:03     11 May 2026    
Belçika Müdafiə Nazirliyi Ukraynaya vəd edilmiş bütün F-16 qırıcılarının 2029-cu ilin sonunadək təhvil verilməsini planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Le Soir” qəzetinin “Le Vif”də dərc olunan məlumatlara istinadən yazdığına görə, təhvilin böyük hissəsi hazırkı qanunvericilik dövrünün son ilində həyata keçiriləcək. Təyyarə transfer prosesi Belçikanın “Lockheed Martin” istehsalı yeni F-35A qırıcılarını təhvil alması ilə eyni vaxtda gedəcək.

Müdafiə naziri Teo Frankenin ofisi tərəfindən təsdiqlənən aktual plana görə, Belçika 2026-cı ildə Ukraynaya 7 ədəd F-16 təhvil verəcək. Bu təyyarələrdən 4-nün istismardan çıxarıldığı və ukraynalı texniklərin təlimində istifadə olunduğu bildirilir.

Plan çərçivəsində 2027-ci ildə 5, 2028-ci ildə 14 və 2029-cu ildə daha 27 qırıcı təyyarənin təhvil verilməsi nəzərdə tutulur.

Lakin təhvil qrafiki və təyyarə saylarının dəyişə biləcəyi bildirilir. Bunun əsas səbəbi kimi Belçika Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyacları ilə NATO çərçivəsindəki öhdəliklər göstərilir.

Təlim və F-35 gecikməsi

Belçika 2024-cü ilin martında ukraynalı pilotların təlimi üçün iki ədəd ikioturacaqlı F-16BM təlim-döyüş təyyarəsini Danimarkaya göndərmişdi.

Belçika Müdafiə Nazirliyi ilk F-16-ların Ukraynaya 2025-ci ildə təhvil verilməsi niyyətini ilk dəfə 2023-cü ildə açıqlamışdı.

Belçika Hərbi Hava Qüvvələrinə bağlı təlimçilər Rumıniyanın “Fetesti” Hava Bazasında yerləşən təlim mərkəzində ukraynalı pilotlara təlim keçməyə davam edir.

Bununla belə, Brüssel hökuməti F-16 transfer prosesində “Lockheed Martin” istehsalı F-35A qırıcılarının təhvilindəki gecikmələrə görə çətinlik yaşayır.

2025-ci ilin fevralında açıqlanan məlumata görə, Belçika yeni nəsil F-35A-ların təxirə salınması səbəbindən öz F-16 parkını 2025-ci ildə Ukraynaya verməyə başlaya bilməyəcəyini bildirib.

Tərəflər F-35 təchizat müqaviləsini 2018-ci ildə imzalamasına və ilk təyyarələrin 2023-cü ildə təhvil verilməsi planlaşdırılmasına baxmayaraq, Belçika Hərbi Hava Qüvvələri indiyədək cəmi 4 ədəd F-35 təhvil alıb. Həmin təyyarələr 2025-ci ilin oktyabrında “Florennes” Hava Bazasına çatıb.

2026-cı ilin fevralında isə Belçikanın əvvəllər sifariş etdiyi 34 ədəd F-35A-ya əlavə olaraq 11 yeni təyyarə də almağı nəzərdən keçirdiyi bildirilib.

Brüssel hökumətinin əsas şərti yeni təyyarələrin son montaj və sınaq işlərinin İtaliyadakı Cameri FACO müəssisəsində həyata keçirilməsi olub. Lakin İtaliya müəssisəsində istehsal tempinin daha yavaş olması yeni F-35 təhvilini gecikdirə bilər. Bunun da köhnə F-16-ların Ukraynaya verilməsini daha sonraya sala biləcəyi qiymətləndirilir.

ABŞ-dən təmir dəstəyi

Əvvəllər “Militarnyi” tərəfindən yayımlanan xəbərdə ABŞ Müharibə Nazirliyinin 2026-cı ilin fevralında Ukraynaya verilən F-16 qırıcılarının təmirinə dair müqavilə imzaladığı bildirilmişdi.

235,4 milyon dollar dəyərindəki müqavilə Belçikanın “Sabena Aerospace Engineering” şirkətinə verilib. Razılaşma çərçivəsində təyyarə və mühərriklərin xətt və orta səviyyəli təmir xidmətləri ilə yanaşı logistika idarəetməsinə dəstək də göstəriləcək.

Belçikanın F-16 keçmişi

Belçika F-16 Fighting Falcon qırıcılarını 1970-ci illərin sonlarında NATO-nun birgə Avropa tədarük proqramı çərçivəsində inventarına daxil edib. İlk təyyarələr 1979-cu ildə təhvil verilib, rəsmi xidmətə giriş prosesi isə 1980-ci ildə başlayıb.

Belçika təkcə təyyarə almaqla kifayətlənməyib, həm də istehsal prosesini lokallaşdırıb. Təyyarələrin mühüm hissəsi “General Dynamics” lisenziyası altında Belçikanın SABCA şirkəti tərəfindən yığılıb. Bu proses ölkənin aviasiya sənayesi infrastrukturunun inkişafına əhəmiyyətli töhfə verib.

Belçika ümumilikdə fərqli konfiqurasiyalarda təxminən 160 ədəd F-16 sifariş edib. Təhvilatlar 1980-ci illər boyunca müxtəlif partiyalar şəklində həyata keçirilib və Hərbi Hava Qüvvələri parkının modernləşdirilməsi mərhələli şəkildə davam etdirilib.

1990-cı illərdə isə mövcud F-16 parkının xidmət müddətini uzatmaq məqsədilə geniş modernləşdirmə proqramları tətbiq edilib. Bu işlər aviyonik sistemləri, silah inteqrasiyalarını və hava-yer hücum imkanlarını əhatə edib.

Belçika Hərbi Hava Qüvvələri bu gün də F-16 parkını inkişaf etdirməyə davam edir. Son olaraq Belçika F-16 qırıcılarından aşağı xərcli 70 mm FZ275 LGR lazer yönləndirməli raketlərlə PUA məhv etmə qabiliyyətini sınaqdan keçirib.

Sınaqlarda xüsusilə orta ölçülü pilotsuz uçuş aparatlarının aşkarlanması, izlənməsi və nişanalması üzərində dayanılıb. Bu sursatların istifadəsi sayəsində hava hədəflərini vurma xərcinin ənənəvi “hava-hava” raketləri ilə müqayisədə ciddi şəkildə azaldıla biləcəyi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Ukrayna   F-16  


Bizi "telegram"da izləyin