Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Kallasın sözlərinə görə, Avropa İttifaqının ayırdığı 90 milyard avro kredit, Moskvanın “rekord” itkiləri və Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi dərin zərbələr nəticəsində “müharibənin dinamikası dəyişir”.
“Lakin əlbəttə ki, indi arxayınlaşmaq vaxtı deyil”, - deyə o əlavə edib.
Kallas vurğulayıb ki, Avropa İttifaqı hibrid təhdidlərə qarşı proqramlar, yeni sanksiyalar və Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri üzərində işləməyə davam edir.
“Avropa İttifaqı hər zaman ədalətli və davamlı sülhə nail olmaq cəhdlərini dəstəkləyib. Avropanın daha fəal rol oynaması üçün biz Rusiya ilə hansı məsələləri müzakirə etməyə hazır olduğumuzu və bizim “qırmızı xətlərimizin” harada olduğunu razılaşdırmalıyıq. Rusiyanı məsuliyyətə cəlb etmədən ədalətli sülh mümkün deyil”, - deyə o bildirib.
Kallas Ukraynanın Avropa İttifaqına üzvlük istəyindən danışarkən islahatlar sahəsində “inanılmaz irəliləyiş” əldə olunduğunu qeyd edib.
O, yayın əvvəlinə qədər üzvlüklə bağlı bütün danışıqlar klasterlərinin açılmasına çağırıb.
“Ukraynanın Avropa İttifaqına qəbul olunması xeyriyyəçilik deyil. Bu, bizim öz təhlükəsizliyimizə qoyulan investisiyadır. Putinə mesajımız aydındır: Ukraynanın Avropa gələcəyi bizim üçün Rusiyanın Ukraynanı məhv etməsindən daha vacibdir”, - deyə Kallas bildirib.
“Yayın əvvəli” dedikdə konkret nə nəzərdə tutulduğu ilə bağlı suala isə o, istehza ilə cavab verib: “Bu səhər nazirlər də eyni mübahisəni aparırdılar. Mən dedim ki, yay iki həftədən sonra başlayır. Amma görünür, “Avropa yayı” avqustdur. Görərik”.
Kallas Rusiyaya qarşı hazırlanmaqda olan 21-ci sanksiya paketinin bəzi detalları barədə də danışıb.
Onun sözlərinə görə, əsas hədəf Rusiyanın hərbi-sənaye kompleksi olacaq. Həmçinin Rusiyanın “kölgə donanması”na qarşı tədbirlər də müzakirə olunur.
Kallas hesab edir ki, Putin “heç vaxt olmadığı qədər zəif vəziyyətdədir”. Onun fikrincə, Rusiya Prezidentinin müharibənin mümkün sonu ilə bağlı son bəyanatları diqqət çəkir, çünki bunlar “əvvəllər dediklərindən fərqlənir”.
Bununla yanaşı, Kallas qeyd edib ki, Moskva hələ də “maksimalist tələblər” irəli sürdüyünə görə real danışıqlara hazır deyil.
Məhz buna görə də Qərb Ukraynaya dəstəyini davam etdirməlidir.
Sevinc Əliyeva
Ordu.az