Putin “qələbə”dən danışır: Bəs Rusiyanın yanında kim var?

2026/05/1778515140.jpg
Oxunub: 630     19:53     11 May 2026    
“Bizim işimiz haqlıdır, biz birlikdəyik, qələbə həmişə bizim olub və həmişə bizim olacaq. Qalib xalqa eşq olsun. Veteranlara eşq olsun. Rusiya Silahlı Qüvvələrinə eşq olsun”. Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qırmızı Meydanda keçirilən hərbi paradda səsləndirib.

“Bizim işimiz haqlıdır, qələbə bizim olacaq” şüarını sovet xalqlarına müraciətində Vyaçeslav Molotov faşist Almaniyasının hücumundan bir neçə gün sonra səsləndirmişdi. 81 il sonra Vladimir Putin Ukraynaya qarşı müharibəni “haqlı iş” adlandırır və Molotov kimi “qələbənin bizim olacağını” bildirir.

Rusiya Prezidenti faşizm üzərində qələbəni Rusiyanın adına yazır, Rusiya Silahlı Qüvvələrini tərifləyir. Halbuki 81 il əvvəl qələbəni təkcə Rusiya deyil, Sovet İttifaqı qazanmışdı. O dövlət və onun xalqları artıq mövcud deyil. Rusiya isə özünü SSRİ-nin hüquqi varisi elan edib.

Bu gün Putin Ukraynaya qarşı müharibə aparır, lakin onun ən yaxın müttəfiqi Aleksandr Lukaşenko belə Krımın Rusiyaya məxsusluğunu tanımır. Postsovet məkanında heç bir ölkə Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi deyil. Putinin “biz birlikdəyik” deyərkən kimi nəzərdə tutduğu isə aydın deyil. Qırmızı Meydanda onun yanında Lukaşenko və Tokayev əyləşmişdi.

Paradda Slovakiyanın Baş naziri Robert Fitso iştirak etməyib. O, Moskvaya başqa missiya ilə gəlib. Hətta ən yaxşı niyyətlə belə Laos Prezidentini, Malayziya Sultanını və ya qondarma “Abxaziyanın prezidenti” Qunbanı Rusiyanın “silahdaş qardaşları” adlandırmaq çətindir.

Putin bütün “koordinatları qarışdırıb”. Xüsusilə də postsovet ölkələrinə münasibətdə hörmətsizlik edib və sanki Rusiyanın müharibəsində “onların da onun yanında olduğunu” göstərməyə çalışıb.

Faşizm üzərində qələbə sivilizasiyanın qeyri-insaniliyə qarşı qələbəsi idi. SSRİ həmin müharibədə müttəfiqləri ilə birlikdə qalib gəlmişdi. Bu gün isə Putinin müttəfiqləri yoxdur, çünki onun apardığı müharibə haqsızdır. O, Ukraynanı müəyyən ərazi güzəştlərinə məcbur edə bilər, amma qalib gələ bilməz. Putinin əsas məqsədi məğlub olmamaqdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin