Məlumata görə, büdcənin rüblük kəsiri Rusiya Federasiyasının illik ÜDM-nin 2,5 faizini təşkil edir. Ötən il bu göstərici 1,4 faiz idi.
Təxminən bir həftə əvvəl Rusiya Maliyyə naziri Anton Siluanov neft qiymətlərinin artmasından büdcəyə əlavə 200 milyard dollar daxilolma gözlənildiyini açıqlasa da, eyni zamanda digər gəlirlərin də təxminən həmin həcmdə azalacağını bildirib. Bu isə o deməkdir ki, neftin bahalaşmasından əldə edilən gəlirlər yalnız digər mənbələrdən yaranan azalmaları kompensasiya edəcək.
Rusiya mətbuatının məlumatına görə, Ukrayna müharibəsinin bir saatı “22 milyon dollara başa gəlir”, ümumilikdə isə büdcənin 38 faizi, yəni 191 milyard dollar hərbi xərclərə ayrılıb.
Maliyyə Nazirliyinin “xərclərin qabaqlayıcı maliyyələşdirilməsi” ilə bağlı izahı göstərir ki, hökumət prioritet olaraq müharibəni maliyyələşdirir. Sentyabr ayında Rusiyada Dövlət Dumasına seçkilər keçirilməlidir. Təxminən iki həftə əvvəl Kommunist Partiyasının lideri Gennadi Züqanov Dövlət Dumasında çıxışı zamanı bildirib ki, əgər hökumət sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmasa, payızda “1917-ci ildə baş verənlər təkrarlana bilər”. Bununla o, bolşevik “inqilabı”na işarə edib.
Bolşevik “inqilabı”nın əsas şüarı “imperialist müharibəni vətəndaş müharibəsinə çevirmək” idi ki, bu da cəbhənin dağılmasına gətirib çıxarmışdı. İmperiyanın bərpasının tərəfdarı olan Züqanovun Putinə Ukraynadakı müharibəni dayandırmaq mesajı verməsinə inanmaq çətindir. Amma görünür, Rusiya iqtisadiyyatını və sosial vəziyyəti xilas etməyin ən real yolu məhz budur.
Asif Cəfərov
Ordu.az