Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri bir neçə avropalı rəsmi və diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Nəqliyyat donanmasına nəzarətin sərtləşdirilməsi Kremlin əsas gəlir mənbələrindən birini bağlamağa kömək edəcək və Vladimir Putinə təzyiqi artıraraq onu Ukrayna ilə bağlı istənilən sülh sazişində maksimalist tələblərindən imtina etməyə məcbur edəcək”, - deyə nəşr Avropa İttifaqı nümayəndələrinin mövqeyini sitat gətirib.
“Politico” xatırladıb ki, yeni sanksiyalar paketi Avropa İttifaqının artıq 21-ci paketi olacaq və iyunun sonu və ya iyulun əvvəlində qüvvəyə minə bilər.
“Politico”nun məlumatına görə, “kölgə donanması”ndan əlavə, paketə Rusiya bankları, maliyyə institutları və hərbi-sənaye kompleksi müəssisələri, eləcə də Ukrayna taxılının ticarəti ilə məşğul olan şirkətlərə qarşı müxtəlif tədbirlərin daxil edilməsi planlaşdırılır.
Müzakirələrin gedişi ilə tanış olan yeddi Avropa İttifaqı rəsmisi və diplomatı nəşrə bildiriblər ki, Avropa İttifaqı Macarıstan tərəfindən bloklanan sanksiyalar paketini yenidən müzakirəyə çıxarmaq niyyətindədir. Məhdudiyyətlərin hədəfinə həmçinin Rusiyanın Ukraynadakı fəaliyyətinə dəstək verdiyinə görə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill də daxil edilib.
Sevinc Əliyeva
Ordu.az