Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bəyan edilmiş atəşkəsə baxmayaraq, Ukrayna silahlı birləşmələri pilotsuz uçuş aparatları və artilleriyadan istifadə etməklə qoşunlarımızın mövqelərinə, həmçinin Krım Respublikasında, Belqorod, Kursk, Kaluqa, Rostov vilayətlərində və Krasnodar diyarında yerləşən mülki obyektlərə zərbələr endirib. Rusiya Silahlı Qüvvələri atəşkəsin pozulmasına güzgü prinsipi ilə cavab verib”, - deyə nazirlikdən bildirilib.
Məlumata görə, Ukrayna tərəfi bir gün ərzində Rusiya mövqelərini 676 dəfə atəşə tutub, pilotsuz uçuş aparatları ilə 6331 zərbə endirib və səkkiz hücum həyata keçirib. Həmçinin qeyd olunub ki, “xüsusi hərbi əməliyyat” zonasında atəşkəs pozuntularının ümumi sayı artıq 16 mini keçib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə öz növbəsində bildirib ki, mayın 10-da cəbhədə 144 döyüş toqquşması baş verib. Rusiya tərəfi 5 mindən çox kamikadze pilotsuz uçuş aparatı istifadə edib və Ukrayna yaşayış məntəqələri ilə mövqelərini təxminən 1,5 min dəfə atəşə tutub.
Məlumata əsasən, bazar günü Rusiya hücumları bütün əsas istiqamətlərdə, o cümlədən Kupyansk, Konstantinovka, Pokrovsk və digər istiqamətlərdə davam edib. Bununla yanaşı, Prezident Volodimir Zelenski axşam saatlarında bildirib ki, hələlik “kütləvi hücumlar, raket və ya aviasiya zərbələri olmayıb”.
Lakin bu, təmas xətti və sərhədyanı bölgələrə aid deyil. Həmin ərazilərdə bir gün ərzində 150-dən çox hücum və minlərlə raket atəşi qeydə alınıb.
“Cəbhədə Rusiya ordusu səssizlik rejiminə əməl etmir və bunu etməyə xüsusi cəhd də göstərmir. Ukrayna bölmələri isə güzgü prinsipi ilə hərəkət edir”, - deyə Zelenski yazıb.
Rusiya Müdafiə Nazirliyi isə qeyd edib ki, onların ordusu Ukrayna tərəfinin yaylım atəşli reaktiv sistemləri, artilleriya və minaatan mövqelərinə cavab zərbələri endirib, həmçinin idarəetmə məntəqələri və pilotsuz uçuş aparatlarının buraxılış sahələrini məhv edib.
Zelenski əlavə edib ki, Rusiya 9 və 10 may tarixlərində güclü raket zərbələri endirmədiyi üçün Ukrayna da öz növbəsində uzaqmənzilli silahlarla cavab zərbələrindən çəkinib. Lakin o xəbərdarlıq edib ki, atəşkəs başa çatdıqdan sonra Moskva yenidən genişmiqyaslı müharibəyə keçərsə, Ukrayna tərəfinin cavabı hədəflərin nə qədər uzaqda yerləşməsindən asılı olmayaraq çox sürətli və güclü olacaq.
Sevinc Əliyeva
Ordu.az